Bu gün:

ABŞ-də "Halloween "üçün qorxulu avtoyuma məntəqələri açılıb


Detroyt şəhərindəki "Fast Splash Car Wash" avtoyuma məntəqəsində klounlar sürücülərə ani hücumlar edirlər. Onlar maşın pəncərələrinə vurur, qapıları yoxlayır və qorxulu səslərlə gülürlər. Avtomobillər sanki həm köpük, həm də qorxu dolu bir şoudan keçir..

Uşaq vaxtı avtomobil yuyulan tunellərdəki nəhəng fırçalardan və qaranlıqdan qorxanlar üçün bu “qorxulu avtoyuma”lar köhnə xatirələri yenidən canlandırır. Güclü səsli aparatlara, parıldayan işıqlara və maskalı “qorxulu” işçilərə əlavə edilən atmosfer, yetkinlər üçün əsl Halloween macərasına çevrilir.

"Tommy’s Express" adlı avtoyuma şəbəkəsinin marketinq meneceri Coel Fullmer bildirir ki, bu il onların ən böyük “Qorxu Tuneli” tədbiri keçiriləcək. ABŞ üzrə 260 məntəqəsi olan şəbəkənin yarısından çoxu — Alyaskadan Vyominqa qədər — bu xüsusi Halloween konseptini tətbiq edəcək.

Son illərdə bu tendensiya təkcə Tommy’s Express deyil, həm də müstəqil və digər zəncirvari avtoyuma məntəqələri arasında da geniş yayılıb. Məsələn, Yutah ştatındakı "Wiggy Wash"da şən skeletlər avtomobil yuyur, Cənubi Karolinadakı "Whatta Wash"da isə “iblis klounlar” müştəriləri qarşılayır.

Bu cür avtoyuma ideyasının dəqiq haradan yarandığı bilinməsə də, xüsusilə avtomobil mədəniyyətinə malik Cənubi Kaliforniyada geniş yayılıb. Fullmerin sözlərinə görə, o, ilk dəfə bu fikri Virciniya və Floridada eşidib.

Fullmer özü də bir dəfə “ruh paltarı” geyinib müştərilərə xidmət edib: “Bəli, bu, çox əyləncəli bir təcrübədir,” – deyə o bildirib. Onun sözlərinə görə, bəzi məntəqələr Halloween həftəsində normal işgüzar fəaliyyətlərini ikiqat artırır. Bəzi yerlərdə cəmi 8 saatda 1000-dən çox avtomobil yuyulub. Təcrübənin qiyməti isə adətən 25-30 dollar arasında dəyişir.

Beynəlxalq Avtoyuma Assosiasiyasının tədqiqat meneceri Ceyms Risley qeyd edir ki, “qorxulu avtoyuma”lar barədə xüsusi araşdırma aparılmasa da, 85% avtoyuma müəssisəsi fərqli və yadda qalan təcrübə yaratmağı çox vacib hesab edir. Onun sözlərinə görə, bu cür Halloween çevrilmələri avtoyuma məntəqələrini cəmiyyətin diqqətində saxlamaqla yanaşı, çox sayda müştəri də cəlb edir.


Mənbə: NPR.org

Tərcümə etdi: Aydan Xudayarova

Paylaş
Şərh əlavə et