“Melissa” qasırğası bazar günü güclənərək 4-cü kateqoriyalı təhlükəli fırtınaya çevrilib və Karib dənizinin şimalında dağıdıcı küləklər və leysan yağışları ilə təsirini artırıb.
Yamayka hökuməti ölkə üzrə, o cümlədən paytaxt Kinqstonda risk altındakı bölgələrdə məcburi təxliyə əmri verib.
Rəsmilərin məlumatına görə, qasırğa Saffir–Simpson miqyası üzrə sürətlə güclənir və bazar ertəsi 5-ci kateqoriyaya yüksələ bilər. Kinqstonda keçirilən mətbuat konfransında bildirilib ki, ölkədəki hər iki beynəlxalq hava limanı bağlanıb və 881 sığınacaq fəaliyyətə başlayıb.
Yerli idarəetmə naziri Desmond Makkenzi “Kinqston çox alçaq ərazidə yerləşir, şəhərdə heç bir icma təhlükəsiz deyil”, – deyə bildirib. Baş nazir Endryu Holness isə Port Royal və Old Harbour Bay də daxil olmaqla altı bölgədə məcburi təxliyə əmri verib və vətəndaşları təhlükəni ciddi qəbul etməyə çağırıb.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
