Ukraynanın fövqəladə hallar xidmətinin general-mayoru Oleksandr Volobuev və onun komandası Rusiyanın Xarkov şəhərindəki uşaq bağçasına hücumundan sonra 48 uşağı xilas edib.

Hadisə anını əks etdirən fotoda Volobuev qucağında bükülmüş bir uşağı paltarının altından görünən iki kiçik çəhrayı ayaqqabı ilə birlikdə tüstü və dağıntılar içindən çıxarır. Bu təsirli görüntü Ukraynada və dünyada geniş yayılaraq həm faciəni, həm də ukraynalıların qətiyyətini simvolizə edib.
Hücum “Honey Academy” adlı uşaq bağçasına İran istehsalı olan “Şahed” dronu ilə həyata keçirilib. Partlayış nəticəsində bina alovlanıb və uşaqlar sığınacaqda qalıb. Xoşbəxtlikdən, vaxtında xəbərdarlıq edildiyi üçün onlar zirzəmidə gizlənə biliblər.
Xilasetmə əməliyyatı zamanı Volobuev və mətbuat zabiti Fedir Uhnenko uşaqları qucaqlarında təhlükəsiz yerə daşıyıblar. Uhnenko deyib: “Onların gözlərində qorxu var idi, amma ağlamırdılar. Mən sadəcə dedim: ‘Məni bərk qucaqla, hər şey yaxşı olacaq’”.
Uşaqlar təhlükəsiz zonaya aparılıb və onların heç biri xəsarət almayıb. Lakin bir nəfər həlak olub, doqquz nəfər yaralanıb. Ukrayna tərəfi Rusiyanın mülki obyektləri hədəf almasını “müharibədəki acizlik” kimi qiymətləndirib.
Oleksandr Volobuev isə sonda deyib: “Biz bu dəhşətlərin hamısından keçib qalib gəlməliyik. Mən istəyirəm ki, bütün uşaqlar —yalnız bizimkilər deyil — sülh içində yaşasın”.
Mənbə: BBC
Tərcümə etdi: Rəna Qarayeva
