Yeni bir hadisə Yaponiya və Rusiya arasında gərginliyi artırıb. Yaponiyanın müdafiə naziri Şinjiro Koizumi Rusiya döyüş təyyarələrinin Yapon dənizi üzərində ölkənin hava məkanına yaxınlaşdığını açıqlayıb. Koizumi bəyan edib ki, nüvə silahı daşıya bilən Tu-95 strateji bombardmançıları və Ukraynada da istifadə olunan Su-35 qırıcıları Yaponiya sərhədlərinə təhlükəli şəkildə yaxınlaşır.
Yaponiya Özünümüdafiə Qüvvələri (SDF) potensial pozuntuya cavab olaraq həyəcan vəziyyətinə gətirilib. Nazir Koizumi Rusiya təyyarələrinin fəaliyyətindən sonra Yapon qırıcılarının təcili yerləşdirildiyini açıqlayıb. Koizumi SDQ-nin 24 saatlıq hava məkanını mühafizə missiyasını davam etdirdiyini vurğulayıb: "Rusiya Ukraynanı işğal edir, eyni zamanda ölkəmiz ətrafında hərbi fəaliyyətini davam etdirir. Bu konkret faktdır".
Yaponiya Müdafiə Nazirliyi Rusiyanın iki Tu-95 bombardmançı təyyarəsi və iki Su-35 qırıcısının Yapon dənizi üzərində uçduğunu açıqlayıb. Təyyarələrin Yaponiyaya qayıtmazdan əvvəl şimala Sado adasına doğru getdiyi bildirilir. Nazirlik Rusiya təyyarəsinin fotolarını və uçuş yollarını ictimaiyyətlə paylaşıb.
Gərginlikdən sonra Rusiya Müdafiə Nazirliyi də bəyanat yayıb. Açıqlamada Tu-95 təyyarəsinin beynəlxalq hava məkanında 11 saatdan çox davam edən müntəzəm patrul uçuşu həyata keçirdiyi bildirilib. Uçuşları Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-35S və Su-30SM qırıcılarının müşayiət etdiyi bildirilir. Rusiya rəsmiləri uçuşların beynəlxalq hava məkanı qaydalarına uyğun həyata keçirildiyini bildirib.
Moskva administrasiyası xatırladıb ki, uzunmüddətli uçuşlar müntəzəm olaraq təkcə Yaponiya dənizində deyil, həm də Arktika, Şimali Atlantika, Baltik, Qara dəniz və Sakit okean regionlarında həyata keçirilir.
Mənbə: CNN türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
