Qəzzanın Nasser xəstəxanasının müxtəlif şöbələrində həyatı təhlükə altında olan uşaqlar müalicə üçün təxliyəni gözləyirlər. Beynəlxalq təşkilatların məlumatına görə, münaqişə zamanı ciddi şəkildə xəsarət alan və xroniki xəstəliklərə yoluxan minlərlə pasient, o cümlədən uşaqlar, dərhal xarici klinikalara təxliyə edilməlidirlər.

Bu həqiqəti üzə çıxaran son hadisələrdən biri də 3 yaşlı Zain Tafeshin leykemiyadan həyatını itirməsi olub. Onun kimi müalicə imkanı tapa bilməyən çoxlu uşaq var.
Xəstəxananın bir palatasında, 10 yaşlı Amar Abu Said boynundan aşağısı iflic olmuş vəziyyətdə yatır. Ailəsinin sözlərinə görə, o, Cənubi Qəzzadakı çadırında olarkən İsrail dronu tərəfindən atılan səpələnmiş güllələrdən biri onun fəqərələri arasında ilişib qalıb.
Anası Ola Əbu Seyd oğlunun saçını sığallayaraq deyir: "Onun təcili cərrahiyyə əməliyyatına ehtiyacı var, amma bu çox mürəkkəbdir. Həkimlər bizə bildiriblər ki, bu onun ölümünə, insult və ya beyin qansızmasına səbəb ola bilər. Onun yaxşı təchiz olunmuş mərkəzdə cərrahiyyə əməliyyatına ehtiyacı var".
Hal-hazırda Qəzza bu şəraitdən uzaqdadır. İki ildən artıq davam edən müharibədən sonra regionun xəstəxanaları dağıdılıb və təchizat böhranı ilə üzləşib. Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, indi həyata keçirilən kövrək atəşkəs dövründə təxminən 15,000 pasientin təcili tibbi təxliyəyə ehtiyacı var.
Bu pasientlər arasında həm atəş nəticəsində yaralananlar, həm də xəstəxanaların dağıdılması və dərman çatışmazlığı səbəbindən müalicəsini davam etdirə bilməyən xroniki xəstəlikdən əziyyət çəkənlər var.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
