ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail işğal altındakı İordan çayının Qərb sahilini ilhaq edərsə, Vaşinqtonun bütün dəstəyini itirəcək.
“Bu baş verməyəcək. Mən ərəblərə söz vermişəm, buna görə bu olmayacaq. Əgər belə bir şey olsa, İsrail ABŞ-nin bütün dəstəyini itirər",– deyə Tramp Time jurnalına müsahibəsində qeyd edib.
O, İsrail parlamentində Qərb sahilinin ilhaqına dair keçirilən səsverməni də dəyərləndirərək, bu addımın bölgədə sabitliyi poza biləcəyini vurğulayıb.
İsrail səfərini başa vuran ABŞ vitse-prezidenti JD Vance də hava limanında məsələyə münasibət bildirib. Vance, qanun layihəsinin onun İsraildə olduğu vaxtda ilkin səsvermədən keçməsini düzgün hesab etməyərək bunu "səhv bir hərəkət" kimi qiymətləndirib. O, həmçinin Tramp administrasiyasının bu addıma qarşı olduğunu vurğulayıb.
Xatırladaq ki, işğal altındakı Fələstin torpaqlarında yerləşən qanunsuz yəhudi yaşayış məntəqələrinin İsrailə ilhaqını nəzərdə tutan qanun layihəsi çərşənbə günü İsrail parlamentində keçirilən ilkin səsvermədə çoxluq səsi ilə qəbul edilib.
Səsvermədə 25 deputat “lehinə”, 24-ü isə “əleyhinə” səs verib. Layihənin qanunlaşması üçün parlamentdə daha üç səsvermədən keçməsi tələb olunur.
Mənbə: TRT Haber
Tərcümə etdi: Şehrin Musayeva
