Dünyanın ən varlı şirkətlərindən biri olan Amazon, “Ceyms Bond” franşizasına nəzarət hüququnu cəmi 20 milyon dollara əldə edib. Bu məbləğ, aktyor Daniyel Kreyqin son Bond filmi “Ölməyə vaxt yoxdur” (No Time to Die) üçün aldığı 25 milyon dollardan da azdır.
“The Hollywood Reporter” nəşrinin məlumatına görə, bu fakt Böyük Britaniyada yerləşən EON Productions şirkətinin vergi sənədlərində ortaya çıxıb. “Ceyms Bond” filmlərinin illərdir prodüserliyini həyata keçirən Barbara Brokkoli və onun ögey qardaşı Maykl C. Uilson, 2025-ci ilin fevralında imzaladıqları müqavilə ilə brendə dair bütün yaradıcı hüquqları Amazon-a satıblar.
Bu addım bir çox Bond pərəstişkarı və Amazon tənqidçiləri arasında narazılıqla qarşılanıb.
Sənəddə qeyd olunur: “20 fevral 2025-ci ildə şirkət Bond franşizasındakı payını, əlaqədar bütün aktivləri, eləcə də törəmə şirkətləri olan B24 Limited və B25 Limited-i satmaq barədə müqavilə imzalayıb. Satışın ümumi məbləği 20 milyon ABŞ dolları təşkil edib".
Bununla belə, “The Hollywood Reporter” qeyd edir ki, Brokkoli və Uilson ailəsi bu satışdan yalnız 20 milyon dollarla kifayətlənməyəcək. Bildirilir ki, Brokkoli ailəsi ortaq müəssisə strukturu vasitəsilə “Ceyms Bond” franşizasından gələcək gəlirlərdə pay sahibi olmağa davam edəcək. Bundan əlavə, bonus ödənişlər və ya səhmlərə əsaslanan opsionlar da satışın yekun dəyərinə təsir göstərə bilər. Mənbələrin məlumatına görə, ümumi razılaşmanın dəyəri 1 milyard dollara qədər yüksələ bilər.
Hazırda Amazon MGM Studios yeni — 26-cı “Ceyms Bond” filminin istehsalını planlaşdırır. Filmin rejissoru Denis Villönöv (Dune), prodüserləri Devid Heyman və Eymi Paskal, ssenari müəllifi isə Peaky Blinders serialının yaradıcısı Stiven Nayt olacaq.
Yeni filmdə tamamilə yeni bir sima, yəni 20-lərin sonu və ya 30-ların əvvəllərində olan gənc britaniyalı kişi aktyorun Bond roluna çəkilməsi nəzərdə tutulur.
“Ceyms Bond 26” filminin çəkilişlərinə 2027-ci ildə başlanması, 2028-ci ildə isə ekranlara çıxması planlaşdırılır.
Mənbə: İGN
Tərcümə etdi: Fərid Tapdıqov
