Bu gün:

Avropa İttifaqında sürücülük vəsiqəsi yaşı 17-ə endirilib


Avropa Parlamenti Avropa İttifaqı (Aİ) ölkələrində tətbiq olunacaq yeni sürücülük vəsiqəsi islahatını təsdiqləyib. Qəbul edilən əsasnaməyə görə, 17 yaşlı gənclər artıq sürücülük vəsiqəsi ala biləcəklər.

Yeni tənzimləmə ilə yanaşı, yaşlı sürücülər üçün mütəmadi tibbi müayinələr, gənc sürücülər üçün isə iki illik sınaq dövrü tətbiq olunacaq.

17 yaşlılara sürücülük icazəsi

Yeni sistemə əsasən, 17 yaşlı yeniyetmələr sürücülük vəsiqəsi əldə edə biləcəklər. Lakin onlar 18 yaşına qədər yalnız təcrübəli sürücünün müşayiəti ilə avtomobil idarə edə biləcəklər.

Bundan əlavə, gənc sürücülər üçün iki illik sınaq müddəti müəyyən edilib. Bu müddət ərzində qayda pozan şəxsləri daha sərt cəzalar gözləyir.

Yaşlı sürücülərə yeni qaydalar

İslahat həmçinin yaşlı sürücülərə də şamil olunur. Yeni qaydalara görə, motosiklet və avtomobil kateqoriyaları üzrə lisenziyalar 15 il müddətinə veriləcək. Müddət bitdikdə sürücülərin xüsusilə görmə və ürək-damar sağlamlığı ilə bağlı tibbi müayinədən keçməsi tələb olunacaq.

65 yaşdan yuxarı şəxslər üçün bu yoxlamalar daha tez-tez aparılacaq. Məqsəd, yaşla bağlı potensial riskləri minimuma endirərək yol təhlükəsizliyini artırmaqdır.

Aİ daxilində vahid cərimə sistemi

Yeni qanunvericilik həmçinin “transsərhəd cəzasızlıq” dövrünə son qoyacaq vahid yol cərimə sistemi təqdim edir.

Bu sistemə əsasən, bir Aİ ölkəsində sürücülük vəsiqəsi ləğv olunan şəxs digər Aİ ölkəsində avtomobil idarə edə bilməyəcək. Bu addım Avropada daha ədalətli və təhlükəsiz nəqliyyat mühiti yaratmaq məqsədi daşıyır.

İslahatın məqsədi

Avropa İttifaqının yeni sürücülük islahatı qəza nisbətlərini azaltmaq, sürücü hazırlığını gücləndirmək və yol hərəkəti təhlükəsizliyini artırmaq istiqamətində atılmış ən genişmiqyaslı addım kimi qiymətləndirilir.

 https://share.google/tUlvfpsyhiCCHJUMe

Mənbə: Sözcü 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et