Prezident Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Rizə Ticarət və İqtisadiyyat Konqresi və Zirvə Toplantısına ünvanladığı mesajda tədbirin regional və beynəlxalq əməkdaşlıqlar üçün yeni imkanlar yaradacağına inandığını bildirib.
Dövlət başçısı çıxışında 22 fərqli ölkədən alim və tədqiqatçıların iştirak etdiyi konqresin gələcək fəaliyyətlər üçün “möhkəm zəmin yaradacağını” vurğulayıb. Ərdoğan, tədbirə qatılan bütün yerli və beynəlxalq qonaqları, alimləri və iş adamlarını salamlayaraq, konqresin “hamı üçün faydalı olacağına” ümid etdiyini deyib.
Prezident təşkilata verdikləri dəstəyə görə, Rizə Valiliyinə, Bələdiyyəsinə, Rizə Dərnəklər və Vəqflər Birliyinə, eləcə də Rəcəb Tayyib Ərdoğan Universitetinə təşəkkürünü bildirib. “Belə bir beynəlxalq proqramın Qara dəniz bölgəsinin parlayan ulduzu Rizədə keçirilməsi son dərəcə mənalıdır",– deyə o qeyd edib.
Ərdoğan çıxışında, həmçinin sammitin bölgə iqtisadiyyatı üçün əhəmiyyətinə toxunaraq bildirib: “Zirvə görüşümüz bir çox sahədə, xüsusilə İyidere Logistika Limanı və yaxın vaxtlarda başlanması planlaşdırılan Mütəşəkkil Sənaye Zonasının ikinci mərhələsində yeni işbirliklərinin qurulmasına səbəb olacaq. Ümid edirəm ki, bu proqram həm Rizə, həm də bölgəmiz üçün iqtisadi, ticarət, sənaye və akademik baxımdan faydalı olacaq".
Prezident tədbirin ölkələr arasında əlaqələri daha da gücləndirəcəyinə inandığını qeyd edib.
Mənbə: TRT Xəbər
Tərcümə etdi: Nəzrin Nəsirova
