Bu gün “Amazon Web Services” (AWS) şirkətinin bulud xidmətlərində yaranan texniki nasazlıq nəticəsində dünyanın müxtəlif regionlarında bir sıra internet saytları və mobil tətbiqlərin fəaliyyətində müvəqqəti fasilələr baş verib.
“Reuters” və “The Guardian” agentliklərinin məlumatına görə, hadisə əsasən ABŞ-nin Virginiya ştatında yerləşən “US-East-1” məlumat mərkəzindəki texniki problemlərlə bağlı olub. Bu səbəbdən “Snapchat”, “Reddit”, “Duolingo” və digər populyar platformalar bir müddət əlçatan olmayıb.
Şirkətdən bildirilib ki, yaranan nasazlıq “DynamoDB” və DNS xidmətlərindəki səhvlərlə əlaqədardır. AWS nümayəndələri artıq sistemin bərpası istiqamətində işlərin aparıldığını və xidmətlərin tədricən normal fəaliyyətinə qaytarıldığını açıqlayıblar.
Mütəxəssislərin fikrincə, bu hadisə bulud texnologiyalarının müasir dünyada nə dərəcədə strateji əhəmiyyət daşıdığını bir daha göstərir. Belə kəsintilər həm fərdi istifadəçilərə, həm də müxtəlif şirkət və dövlət qurumlarının fəaliyyətinə təsir göstərir.
Mənbə: Reuters, Guardian
Tərcümə etdi: İlhamə Nurəhmədova
