Bu gün:

Qəzzada iki ildən sonra 300 min şagird yenidən dərsə başlayır


Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və Tikinti Agentliyi (UNRWA) bildirib ki, İsrailin 2023-cü ilin oktyabrında başladığı hücumlardan iki il sonra Qəzza zolağında təxminən 300 min şagird yenidən təhsilə başlayacaq.

Agentliyin mətbuat müşaviri Adnan Əbu Hasənə, ABŞ mərkəzli X sosial şəbəkəsində yayımlanan videomüraciətində qeyd edib ki, 10 min şagird bəzi sığınacaq mərkəzlərində, digərləri isə onlayn formada təhsil alacaq. Tədris prosesinə 8 min müəllim cəlb olunacaq.

Əbu Hasənə İsrailin UNRWA-nın Qəzzaya yardım göndərməsinə mane olduğunu bildirərək, vəziyyətin getdikcə humanitar böhran səviyyəsinə çatdığını vurğulayıb. Onun sözlərinə görə, agentlik ərzaq yardımı və tibbi xidmətləri davam etdirməyə hazır olsa da, İsrail sığınacaq materialları, geyim və dərmanların bölgəyə daxil olmasına icazə vermir.

UNRWA rəsmisi həmçinin qeyd edib ki, Qəzza əhalisinin 95 faizi gəlir mənbələrini itirib və humanitar yardımdan asılı vəziyyətə düşüb. Atəşkəsdən sonra bölgəyə qayıdan yüz minlərlə insan isə açıq havada yaşayır. Əbu Hasənə qış mövsümü yaxınlaşmadan əvvəl yardımların təcili şəkildə çatdırılmasının vacibliyini bildirib.

Mənbə: TRT haber

Tərcümə etdi: Şehrin Musayeva

Paylaş
Şərh əlavə et