Keniyanın tanınmış müxalifət lideri və beş dəfə uğursuz prezident namizədi Raila Odinqa 80 yaşında Hindistanda vəfat edib. Uzun illər çoxpartiyalı demokratiyanın əsas müdafiəçisi kimi tanınan Odinqa həm pərəstişkarları, həm də rəqibləri tərəfindən “Baba” ləqəbi ilə yad edilirdi.

Odinqa 2008–2013-cü illərdə baş nazir vəzifəsini icra edib, ölkənin siyasi tarixində mühüm rol oynayıb. O, müstəqillikdən sonrakı ilk vitse-prezident Jaramogi Odinqanın oğlu idi və atasının başladığı demokratik mübarizəni davam etdirirdi. Siyasi karyerası boyunca beş dəfə prezidentliyə namizəd olsa da, hər dəfə məğlub olub.
2007-ci il seçkiləri ölkədə 1200-dən çox insanın ölümü ilə nəticələnən qanlı böhranı alovlandırıb. Daha sonra BMT-nin vasitəçiliyi ilə qurulan koalisiya hökumətində baş nazir postuna gətirilib. Müxalifətdə olarkən Odinqa birpartiyalı sistemə qarşı mübarizəsinə görə illərlə həbsdə qalıb. Son illərdə prezident Uilyam Ruto ilə siyasi əməkdaşlığa getsə də, hökumət əleyhinə etirazlara görə tənqid edilib.
Arsenal azarkeşi olan Odinqa Luo etnik qrupuna mənsub idi. O, “Agwambo” və “Tinga” kimi ləqəblərlə sevilirdi. Ailəli idi, dörd övladı var idi. Raila Odinqa Keniyada çoxpartiyalı demokratiyanın qurucularından biri və Afrika siyasətində dərin iz qoyan pan-afrikanist kimi xatırlanacaq.
Mənbə: BBC
Tərcümə etdi: Aylin Bayraməliyeva
