Bu gün:

ÜST(Ümumdünya Səhiyyə Təşkilatı) Hindistanda uşaqların ölümü ilə bağlı öskürək siropuna görə xəbərdarlıq edib


Yeni Dehli — Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanda bir ay ərzində bir neçə uşağın ölümünə səbəb olduğu güman edilən üç öskürək siropuna qarşı sağlamlıq xəbərdarlığı yayıb.

Təhlükəli hesab edilən preparatlar Coldrif, Respifresh TR və ReLife adlı siroplardır. Onlar Sresan Pharmaceutical, Rednex Pharmaceuticals və Shape Pharma şirkətləri tərəfindən istehsal edilib.

ÜST-ün məlumatına görə, bu siroplarda dietilen qlikol (DEG) adlı zəhərli maddənin normadan artıq miqdarda olduğu müəyyənləşdirilib. DEG xüsusilə uşaqlarda ağır orqan zədələnməsi və ölümə səbəb ola bilər.

Hindistanın bir neçə ştatında bu siropların istehsalı dərhal dayandırılıb, məhsullar geri çağırılıb və ixracı qadağan edilib. Tamil Nadu ştatında yerləşən Sresan Pharmaceutical şirkətinin lisenziyası ləğv olunub, sahibi isə həbs edilib.

Madhya Pradeşdə aparılan araşdırma nəticəsində ən azı 19 uşağın Coldrif siropundan sonra öldüyü müəyyən edilib. Uşaqlarda əvvəlcə öskürək və soyuqdəymə simptomları, daha sonra isə böyrək çatışmazlığı yaranıb.

ÜST dünya ölkələrinə xəbərdarlıq edərək, bu üç şirkətin istehsal etdiyi digər maye dərmanların da nəzarətə götürülməsini tövsiyə edib.

Bu, Hindistanda ilk belə hadisə deyil — 2022 və 2023-cü illərdə də oxşar siroplar Qambiya, İndoneziya və Özbəkistanda onlarla uşağın ölümünə səbəb olub.


Mənbə: Cnn world

Tərcümə etdi: Aydan Xudayarova

Paylaş
Şərh əlavə et