Norveçin paytaxtı Osloda yerləşən Norveç Nobel İnstitutunda keçirilən mətbuat konfransında 2025-ci il Nobel Sülh Mükafatının qalibi açıqlanıb.
Venesuelalı siyasətçi Maria Korina Maçado bu mükafata Venesuela xalqının demokratik hüquqlarını müdafiə etməsi və diktaturadan demokratiyaya ədalətli, dinc keçidi təmin etmək istiqamətində göstərdiyi səylərə görə layiq görülüb.
Nobel Sülh Komitəsinin açıqlamasında bildirilib ki, Maçado demokratik inkişafı təşviq edən “Sumate” adlı qurumun təsisçilərindən biri kimi 20 ildən artıq müddətdə azad və ədalətli seçkiləri müdafiə edib.
Eyni zamanda onun Venesuelada müxalifəti bir araya gətirən əsas fiqur olduğu vurğulanaraq, ölkədə demokratiyanın inkişafına verdiyi töhfələrə görə Nobel Sülh Mükafatına layiq görüldüyü qeyd edilib.
Ötən il bu mükafat nüvə silahlarından azadolma istiqamətindəki fəaliyyətinə görə Yaponiyanın “Nihon Hidankyo” təşkilatına təqdim edilib.
Nobel Mükafatları Alfred Nobelin vəsiyyəti əsasında hər il 10 dekabrda – onun vəfatının ildönümündə elm, ədəbiyyat, sülh, tibb və iqtisadiyyat sahələrində insanlığa xidmət göstərən şəxslərə təqdim olunur.
Mənbə: TRT HABER
Tərcümə etdi: Fidan Mənsimova
