Bu gün:

Qəzza atəşkəsini izləmək üçün Britaniya qoşunları göndərilməyəcək


Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper bildirib ki, İsraildə Qəzza atəşkəsinə nəzarət edəcək çoxmillətli qüvvəyə britaniyalı əsgərlərin göndərilməsi ilə bağlı “heç bir plan” yoxdur.

İsrail ordusunun məlumatına görə, HƏMAS-la əldə olunmuş razılaşmanın birinci mərhələsi – atəşkəsin elan olunması və girovların azad edilməsini nəzərdə tutan hissə artıq təsdiqlənib və qüvvəyə minib.

Parisə səfəri zamanı digər xarici işlər nazirləri ilə görüşən Kuper deyib ki, Böyük Britaniya sülh prosesinə başqa yollarla dəstək verməyə davam edəcək. Onun sözlərinə görə, bu dəstək Qəzzaya özəl maliyyə yatırımlarının cəlb olunmasını da əhatə edə bilər.

“Bu proses hələ də çox həssasdır, amma onun arxasında böyük bir iradə və öhdəlik dayanır. Buna görə də biz bunu işlək vəziyyətə gətirməliyik”, – deyə Kuper bildirib.

ABŞ rəsmilərinin məlumatına əsasən, Vaşinqton Yaxın Şərqdə yerləşən təxminən 200 hərbçisini İsrailə göndərir. Bu qüvvələr İsraildə yaradılacaq “mülki-hərbi əlaqələndirmə mərkəzi”ndə fəaliyyət göstərəcək. Mərkəzin əsas məqsədi atəşkəsin icrasına nəzarət etmək və humanitar yardımların koordinasiyasına dəstək göstərmək olacaq.

Mənbə: BBC News 

Tərcümə etdi: Emiliya Vəlicanova 

Paylaş
Şərh əlavə et