Qəzzada atəşkəsdən sonra bu sual bir daha gündəmə gəlib. ABŞ prezidenti Donald Tramp çox arzuladığı Nobel Sülh mükafatını alacaqmı?

ABŞ prezidenti Donald Tramp aylardır Nobel Sülh mükafatının ardınca gedir. O, dəfələrlə açıq şəkildə bildirib ki, “Mən bunu almalıyam, çünki yeddi müharibəyə son qoymuşam”. Gah reaksiya verib, gah deyinib, gah da ümidlə danışıb.
Müxbirin mükafatı alıb-almayacağı haqqında soruşduğu suala o, "Qətiyyən, yox. Mükafatı heç bir iş görməyən adama verəcəklər. Onu Donald Trampın ağlından və müharibələri necə həll etdiyindən bəhs edən kitab yazan adama verəcəklər. Nobel mükafatı yazıçıya veriləcək. Xeyr, amma nə olacağını görəcəyik; bu ölkəmizə qarşı böyük bir təhqir olar. Sizə deyim, mükafatın ölkəmizə verilməyini istəyirəm"- deyə cavab verib.
Ötən ay Nobel Sülh mükafatı Komitəsinin direktoru da bu təkidə üstü örtülü şəkildə belə cavab verib: “Heç bir diqqət və təzyiq bizə təsir edə bilməz". Direktor "Əlbəttə, biz medianın bəzi namizədlərə yönəldilmiş intensiv diqqətindən xəbərdarıq, lakin bu, komitənin müzakirələrinə heç bir təsir göstərmir"- deyib. O, mükafatların ekspertlərin rəyi əsasında verildiyini vurğulayıb. "Biz qərarlarımızı ekspert rəylərinə əsaslanaraq veririk və bu, mükafatın və prosesin bütövlüyünü qorumağın yoludur"- deyib.
Bir çox ölkələr, o cümlədən İsrail, Pakistan, Kamboca və Ruanda Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürüb.
Hətta bu yaxınlarda İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Nobel Sülh mükafatının ABŞ prezidenti Donald Trampa verilməsi haqqında çağırış edib. O, süni intellektlə yaradılmış fotonu paylaşıb.
https://share.google/zHUm0T4ubAxme3Rwu
Mənbə: CNN Türk
Tərcümə etdi: Piranə Xasiyeva
