Kenterberi Başpiskoposu vəzifəsinə 63 yaşlı keçmiş tibb bacısı Sara Mallalli təyin edilib.

Mallalli 1970-ci illərdə Anglikan kilsəsinin gənclər düşərgələrində baş verən cinsi istismar qalmaqalları ilə bağlı ittihamların ardından istefa verən Castin Uelbinin yerinə seçilib. O, Kenterberinin 106-cı başpiskoposudur.
Sara Mallalli kilsənin 1400 illik tarixində bu vəzifəyə gətirilən ilk qadındır.
Kenterberi Başpiskoposu həm İngiltərə Kilsəsinin, həm də dünyadakı təxminən 85 milyon Anglikanın mənəvi lideri hesab olunur.
İngiltərə kralı VIII Henri Papadan özünə oğlan övladı verə bilməyən arvadından boşanmağa icazə istədikdə rədd cavabı aldığı üçün Roma Kilsəsindən ayrılaraq Anglikan Kilsəsini qurmaq qərarına gəlib.
Səhiyyə sahəsində “İngiltərənin Baş tibb bacısı” tituluna sahib olan Mallalli kilsəyə keçdikdən sonra pillə-pillə yüksələrək London Başpiskoposluğu vəzifəsinə qədər çatıb.
Hazırladı: Aydan Xudayarova
Mənbə: mathrubhumi.com
