2025 TF adlı asteroid 1 oktyabrda saat 00:47-də Antarktika üzərindən keçərək Yerə çox yaxın məsafədən ötüb. Təxminən 428 kilometr hündürlükdə hərəkət edən bu asteroid, Beynəlxalq Kosmik Stansiyanın orbitinə qədər yaxınlaşıb.
Elm adamlarının hesablamalarına görə, asteroidin diametri 1–3 metr olub və Yerə düşəcəyi təqdirdə yalnız parlaq bir işıq topu yaradardı. Maraq doğuran məqam odur ki, 2025 TF Yerə ən yaxın keçidini etdikdən bir neçə saat sonra, Arizona’dakı Kitt Peak-Bok Rəsədxanası tərəfindən aşkar edilib.
NASA-nın məlumatına əsasən, asteroid 2087-ci ildə yenidən Yer yaxınlığından keçəcək, lakin bu dəfə çox daha uzaq məsafədən — təxminən 8 milyon kilometrdən. Bu hadisə bir daha göstərib ki, kiçik asteroidlərin belə vaxtında müəyyən olunması üçün müşahidə sistemlərinin təkmilləşdirilməsi vacibdir.
Mənbə : TRT HABER
Tərcümə etdi: Fidan Mənsimova
