Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, Moskva ABŞ administrasiyasının Qəzza zolağında nizamlanmaya dair planını dəstəkləyib.
Zaxarovanın sözlərinə görə, Rusiya Federasiyası Qəzza böhranının ilk günlərindən etibarən beynəlxalq tərəfdaşlarla birgə dinc əhalinin müdafiəsi istiqamətində ardıcıl fəaliyyət göstərib.
“Biz atəşkəsə çağıran və bütün zərərçəkənlərə humanitar yüklərin maneəsiz çatdırılmasına təminat verən bir sıra qətnamələr hazırlayaraq BMT Təhlükəsizlik Şurasına təqdim etmişik. Təəssüf ki, bu təşəbbüslər Qərbin mövcud şərtləri səbəbindən blokadada qalıb. Zorakılığın dayandırılması və mülki itkilərin qarşısının alınması prinsipinə əsaslanaraq Rusiya ABŞ administrasiyasının Qəzza ilə bağlı atəşkəs, məhbusların azad edilməsi və humanitar yardımın tam bərpasını nəzərdə tutan planını dəstəkləyir”, – deyə Zaxarova bildirib.
Mənbə: TASS
Tərcümə etdi: Nəzakət Nəsibli
