İqlim mövzusunda fəaliyyət göstərən “Ember” adlı analitik mərkəzi xəbər verir ki, dünyanın külək və Günəş elektrik stansiyaları bu il ilk dəfə olaraq kömürlə işləyən elektrik stansiyalarından daha çox enerji hasil edib.

Mərkəzin hesabatında qeyd olunur ki, 2025-ci ilin ilk altı ayında bərpaolunan enerji mənbələri dünyanın artan elektrik tələbatını üstələyib. Nəticədə kömür və qazdan istifadədə cüzi azalma müşahidə olunub.
Hesabata, əsasən, bərpaolunan enerji istehsalının artımında əsas rolu Çin və Hindistan oynayıb. Bunun əksinə olaraq, ABŞ və Avropa daha çox fosil yanacaqlardan asılı qalıb.
Beynəlxalq Enerji Agentliyinin (IEA) ayrı bir hesabatında isə qeyd olunur ki, onilliyin sonuna qədər bərpaolunan enerji mənbələri iki dəfədən çox arta bilər və yeni təmiz enerji gücünün 80%-i günəş enerjisinin payına düşəcək.
Agentliyin icraçı direktoru Fatih Birol deyib: “Qlobal bərpaolunan enerji gücünün artımı əsasən günəş enerjisi tərəfindən idarə olunacaq, lakin külək, hidroenerji, bioenerji və geotermal enerji də mühüm rol oynayacaq".
Mənbə: The Guardian
Tərcümə etdi: Nərmin Məmmədzadə
