İlon Mask-ın məşhur sosial media platforması X-in keçmiş kommunikasiya direktoru, milyarderin ənənəvi mediaya münasibətini tənqid edib. O bildirib ki, sosial media heç vaxt peşəkar jurnalistikanın yerini tuta bilməz.
Mask son aylarda izləyicilərini ənənəvi mediadan uzaqlaşmağa və “vətəndaş jurnalistikası” adlandırdığı fəaliyyətə üstünlük verməyə çağırır. O, X platformasında dəfələrlə “Artıq siz mediasınız” ifadəsini işlədərək, istifadəçiləri xəbərlərin əsas mənbəyinə çevrilməyə təşviq edib.
“Mən hesab edirəm ki, media yanlış məlumatların yayılmasında düşündüyündən daha çox rol oynayır”, – Mask 2023-cü ildə BBC-yə verdiyi müsahibəsində deyib. “Bir çox hallarda, adi vətəndaş jurnalistdən daha çox məlumata sahib olur".
Lakin X platformasının keçmiş kommunikasiya direktoru bu yanaşmanı təhlükəli sayır. O, CNN-ə verdiyi eksklüziv müsahibəsində bildirib ki, sosial mediada paylaşılan məlumatların çoxu yoxlanılmır və bu, ictimaiyyətin doğru informasiya alma hüququ üçün ciddi risk yaradır.
“Vətəndaş jurnalistikası əhəmiyyətlidir, lakin bu, redaksiya məsuliyyətini və fakt yoxlamasını əvəz etmir. Jurnalistika, cəmiyyət üçün etibarlı məlumat mənbəyi olaraq qalmalıdır”, – deyə o əlavə edib.
Mənbə: CNN
Tərcümə etdi: Emiliya Vəlicanova
