Fransanın sabiq Baş naziri Eduard Filip, ölkədə dərinləşən siyasi böhranın aradan qaldırılması üçün prezident Emmanuel Makronu erkən prezident seçkiləri elan etməyə çağırıb.
Filipin fikrincə, Makron əvvəlcə büdcənin qəbulunu təmin edəcək bir Baş nazir təyin etməli, ardınca isə ölkədəki siyasi sabitliyi bərpa etmək üçün seçkiyə getməlidir.
Bu açıqlama, Fransanın son bir il ərzində üçüncü Baş naziri olan Sebastien Lekornun hökumət formalaşdırmaq cəhdinin uğursuzluğa düçar olmasından sonra səslənib. Lekornu bazar ertəsi günü istefa verib.
Prezident Makron isə Lekornudan çərşənbə gününədək sabitlik planı hazırlamağı xahiş edib. Lakin müşahidəçilər bildirirlər ki, prezidentin reytinqi, hətta öz tərəfdarları arasında belə getdikcə azalır.
Eduard Filip – 2017–2020-ci illərdə Baş nazir və hazırda mərkəzçi “Horizons” partiyasının rəhbəri qeyd edib ki, o, “Makronun dərhal və qəfil istefasının tərəfdarı deyil”. Bununla belə, o vurğulayıb ki, prezidentin öz mandatını yerinə yetirib-yeritməməsi, atacağı növbəti addımlardan asılı olacaq.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
