
Misirdə, Şarm əl-Şeyxdə İsrail və terror təşkilatı HƏMAS arasında Qəzza zolağında sülhün bərqərar olması ilə bağlı vasitəçilər vasitəsilə danışıqlar başlayıb. Bu barədə bazar ertəsi, oktyabrın 6-da Misir xüsusi xidmət orqanlarına yaxın hesab olunan Al-Kahera News telekanalı məlumat verib.
İsrail və HƏMAS nümayəndə heyətlərinin Şarm əl-Şeyxə gəlməsini şəhərin hava limanı əməkdaşlarından biri AFP agentliyinə təsdiqləyib. Tərəflər arasındakı danışıqlarda vasitəçi qismində Misir və Qətər çıxış edir.
Danışıqların əsas mövzusu ABŞ prezidenti Donald Tramp tərəfindən təklif edilən Qəzza zolağı üçün sülh planıdır. Vasitəçilər İsrail və HƏMAS tərəfləri ilə, xüsusən, islamçı döyüşçülərin əlində olan 48 israilli girovun azad edilməsi və İsrail həbsxanalarından bir neçə yüz fələstinli məhbusun buraxılması üçün “əsas şərtləri” müzakirə edirlər, – AFP xəbər verir.
Donald Trampın Qəzza zolağı üçün sülh planı
İsrailin terror təşkilatı HƏMAS-a qarşı apardığı müharibədə sülhün bərpası üçün Donald Tramp tərəfindən təklif olunan plan, digər məsələlərlə yanaşı, bütün israilli girovların azad edilməsini, HƏMAS-ın tərkisilah olunmasını və İsrail Müdafiə Ordusunun (CAXAL) Qəzza zolağından mərhələli şəkildə çıxarılmasını nəzərdə tutur. Gələcəkdə HƏMAS-ın Fələstin anklavının idarə olunmasında heç bir rol oynamaması da sənəddə vurğulanır.
Bundan əlavə, Trampın planı Qəzza zolağına humanitar yardımın çatdırılmasının təmin olunmasını da ehtiva edir.
Almaniyanın xarici işlər naziri İsrailin təhlükəsizlik maraqlarının nəzərə alınmasına çağırıb
Bu arada Almaniyanın xarici işlər naziri Yohann Vadeful (Johann Wadephul), hazırda Yaxın Şərqdə səfərdə olduğu bir vaxtda, Qəzza zolağında sülh danışıqları fonunda səfər planını dəyişib. Əvvəlcə yalnız Qətər və Küveyti əhatə edən marşrutuna o, İsrailin Təl-Əviv şəhərini və Misirin paytaxtı Qahirəni də əlavə edib.
Mənbə: dw.com
Tərcümə etdi: Fatimə Umarbəy
