24media.az-ın budəfəki müsahibi herbi ekspert Emil Həsənlidir. O, bu gün bizə dron səddi haqqında danışıb.
-Avropa İttifaqının “dron səddi” layihəsinin əsas məqsədi nədir və bu sistem hansı təhlükələrin qarşısını almağa yönəlib?
Bilirsiniz, bu gün bütün dünyanın bir nömrəli problemlərindən biri təhlükəsizlik məsələsidir. Bu məsələnin içərisində yeni texnologiyalarla mübarizə, o cümlədən pilotsuz uçuş aparatları ilə bağlı məsələlər də yer alır. Avropa İttifaqının təhlükəsizliyini həmişə Amerika təmin edib. NATO başda olmaqla, xüsusilə də Amerika Birləşmiş Ştatları bu məsələdə əsas rol oynayıb.
-Sizcə, pilotsuz uçuş aparatları gələcəkdə Avropanın təhlükəsizliyi üçün nə qədər ciddi təhlükə yarada bilər?
Son dövrlərdə, xüsusilə də Tramp dövründən sonra müəyyən fikir ayrılıqları yaranıb. Əslində, bu fikir ayrılıqları Soyuq müharibədən sonra da mövcud idi, lakin indi daha da dərinləşib. Buna görə də Avropa məcburdur ki, yeni büdcəsindən vəsait ayırsın və gələcəkdə öz ordusunu yaratmaq istiqamətində addımlar atsın.
-Bu layihə Avropa və Rusiya münasibətlərinə və ümumilikdə beynəlxalq təhlükəsizlik mühitinə necə təsir göstərə bilər?
Xüsusilə bu istiqamətdə Türkiyəyə böyük ehtiyac yaranır. Avropanın əvvəllər Rusiyayla da yaxşı münasibətləri var idi, lakin Ukrayna müharibəsindən sonra bu münasibətlər dalana dirənib. ABŞ-dən dəstəyin kifayət qədər olmaması səbəbindən Avropa məcburdur ki, öz təhlükəsizliyini özü qorusun, bunun üçün böyük məbləğdə vəsait ayırsın və sistemli, ardıcıl addımlar atsın. Əgər bu addımlar atılmazsa, doğrudan da Avropanın təhlükəsizliyi üçün böyük təhdidlər yaranacaq. Rusiya da anlayır ki, ABŞ Avropanı yetəri qədər qorumayacaq. Buna görə də bu təhdidləri həyata keçirir. ABŞ-nin maraqları ilə Avropanın maraqları arasında fərqlər mövcuddur. ABŞ üçün bir nömrəli hədəf başqadır, Avropa üçün isə hazırda Ukraynanın təhlükəsizliyi daha ön plandadır. Digər məsələlərdə də – həm iqtisadi bazar, həm siyasi, həm də mədəni sahələrdə – böyük qarşıdurmalar var və bu qarşıdurmalar zaman-zaman daha da dərinləşir.
Çimnaz Həmzəliyeva