"ABŞ Ukraynanın uzaqmənzilli “Tomahawk” raketləri ilə bağlı müraciətini nəzərdən keçirir",– deyə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib. Lakin Vens əlavə edib ki, bu məsələdə yekun qərarı prezident Donald Tramp verəcək.

Kiyev uzun müddətdir Qərb tərəfdaşlarından ön cəbhədən uzaqda yerləşən böyük Rusiya şəhərlərini vura biləcək silahların verilməsini tələb edir. Ukrayna tərəfi hesab edir ki, bu, Rusiyanın hərbi sənayesini ciddi şəkildə zəiflədib müharibəni bitirməyə kömək edə bilər.
“Moskva üçün müharibəni davam etdirməyin qiyməti çox yüksək olarsa, o, sülh danışıqlarına başlamağa məcbur olacaq",- deyə Ukraynanın müdafiə nazirinin müavini İvan Havrilyuk BBC-yə deyib.
Kremlin sözçüsü Dmitri Peskov isə Vensin bəyanatını kiçildərək bildirib ki, “cəbhədəki vəziyyəti dəyişəcək heç bir möcüzə yoxdur".
“İstər ‘Tomahawk’, istərsə də başqa raketlər olsun, onlar dinamikanı dəyişməyəcək",- deyə Peskov əlavə edib.
“Tomahawk” raketlərinin 2500 km (1,500 mil) uçuş məsafəsi var ki, bu da Moskvanı Ukraynanın hədəf dairəsinə daxil edir.
Vens bazar günü açıqlamasında Ukraynanın “Tomahawk” tələbinə birmənalı yanaşmasa da, ABŞ-nin Ukrayna üzrə xüsusi elçisi Kit Kellogg Trampın artıq Rusiyanın dərinliklərinə zərbələr endirilməsinə icazə verdiyini işarə edib.
Fox News telekanalına açıqlamasında Vaşinqtonun müəyyən hallarda Kiyevə Rusiya ərazisinə uzaqmənzilli zərbələr endirməyə icazə verib-vermədiyi soruşulanda Kellogg belə cavab verib:
“Bəli, bu imkanlardan istifadə edin, toxunulmaz yerlər yoxdur".
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
