Bu gün:

Türkiyədə sülh prosesi yavaşlayır?


Türkiyədə “sülh prosesi” və ya iqtidarın ifadəsi ilə “Terrorsuz Türkiyə” adlandırılan proses bir ilin tamamına yaxınlaşsa da, planlaşdırılandan daha yavaş irəliləyir.

MHP lideri Devlet Bahçelinin DEM Partiya rəhbərliyi ilə görüşü ilə başlayan prosesdə ən mühüm mərhələ PKK lideri Abdullah Öcalanın çağırışı əsasında təşkilatın silah buraxma qərarı geridə qalıb. Lakin hüquqi islahatlarla bağlı addımlar hələ də TBMM-də gözlənilir.

Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası müxtəlif ictimai təbəqələrin dinlənilməsi mərhələsini tamamlaya bilməyib. Bu isə prosesin ictimailəşdirilməsini və hüquqi bazasının yaradılmasını ləngidir. Həm iqtidar, həm də DEM Partiya “etimad probleminin” davam etdiyini qəbul edir.

İqtidarın narahatlıqları:

Suriyadakı vəziyyət – AKP rəsmiləri Türkiyənin PKK-nın qolu hesab etdiyi SDG ilə Şam rejimi arasındakı gərginliyin nəticəsini həlledici amil sayır. 

Silah buraxma prosesi – Simvolik mərasimdən sonra sahədəki real vəziyyətin qeyri-müəyyənliyi səbəbindən hüquqi addımların riskli ola biləcəyi vurğulanır.

Komissiya sədri, TBMM rəhbəri Numan Kurtulmuş isə “iki ayağın birlikdə hərəkət etməsi” metaforunu işlədərək həm İmralıdan açıq mesaj, həm də Məclisdən paralel addım tələb olunduğunu bildirib.

DEM Partiyanın tələbləri:

Hüquqi islahatların təxirə salınmadan başlanması;

Cəmiyyətin etimadını gücləndirmək üçün şəffaf addımlar;

Komissiya üzvlərinin Abdullah Öcalanla görüşünə icazə verilməsi.

Komissiyanın işi davam edir, MİT rəhbəri İbrahim Kalının yenidən məlumat verməsi gözlənilir. Yalnız bundan sonra hüquqi dəyişikliklərin gündəmə gələcəyi bildirilir.

Mənbə: BBC 

Tərcümə etdi: Ətirə İbayeva 


Paylaş
Şərh əlavə et