Bu gün:

​Sosial şəbəkədə tez tez gündəmə gələn "yalı"kimə məxsusdur?


Sosial şəbəkələrdə, xüsusilə X platformasında mütəmadi olaraq müzakirə olunan Zeki Paşa Yalısı “Aşk-ı Memnu”, “Ezel”, “Çalıkuşu” kimi seriallardan tanınır. XIX əsrdə Sultan II Əbdülhəmidin saray əyanlarından Tophane müşiri Zeki Paşa üçün inşa edilən bu tarixi tikili İstanbulun məşhur memarı Aleksandr Valluriyə məxsus layihədir.

Dörd mərtəbəli, 2 500 kvadratmetrlik bu möhtəşəm villada 23 otaq, 5 salon və 8 hamam var. Hündür tavanları, ağac oyma detalları, mərmər şöminələri və qızılı ornamentləri ilə Osmanlı dövrü aristokrat həyat tərzini əks etdirir. Dənizə bitişik yerləşməsi, geniş terrasları və bağ sahəsi onun memarlıq dəyərini daha da artırır.

Zeki Paşanın ölümündən sonra yalı bir neçə dəfə sahib dəyişib. Diplomatik şəxslər və iş adamları burada yaşayıb, XX əsrdən etibarən isə xarici sərmayədarların marağına səbəb olub. Hazırda mülk bir neçə varisin hissəli mülkiyyəti kimi qeyd olunur. Adı ən çox çəkilən şəxs isə Zeki Paşanın nəvələrindən olan Meliha Baştımar hesab edilir. Tikilinin dəyəri təxminən 125 milyon dollar olaraq qiymətləndirilir və Avropanın ən bahalı yaşayış obyektlərindən biri sayılır.

Yalının uzun müddətdir boş qalmasına baxmayaraq gündəmdə qalması televiziya və kino çəkilişləri ilə bağlıdır. “Aşk-ı Memnu”, “Ezel”, “Kurt Seyit ve Şura” və digər serialların səhnələri burada çəkildiyi üçün tikili bəzən “Türkiyənin ən bahalı film platosu” adlandırılır. İstanbul sakinləri və Boğazdan keçənlər tərəfindən tez-tez fotoya çəkilir və sosial şəbəkələrdə paylaşılır. Yalı İstanbulun Sarıyer rayonunun Rumeli Hisarı məhəlləsində yerləşir.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et