Fransada azyaşlı bir uşağın La-Manş kanalını kiçik qayıqla keçməyə çalışarkən həlak olduğu bildirilib. Fransız mətbuatının məlumatına görə, yeniyetmə qayıqdan dənizə düşüb və onun cəsədi bazar günü ölkənin şimalında, Sen-Etyen-o-Mon sahilində tapılıb.
Bu hadisə şənbə günü baş verən digər faciələrin ardınca qeydə alınıb. Belə ki, həmin gün Britaniyaya çatmaq istəyən daha üç nəfər – iki somalili qadın qayıqda sıxlıq səbəbindən, bir kişi isə Dankerk yaxınlığındakı kanalda həyatını itirib.
Böyük Britaniya hökumətinin rəqəmlərinə görə, şənbə günü 12 qayıqla 895 nəfər kanal vasitəsilə Britaniyaya keçib. Bununla da, 2025-ci ilin əvvəlindən bəri kiçik qayıqlarla keçid edənlərin sayı 33,300-ü ötüb.
Məlumata görə, həlak olan uşaq 48 nəfərlə birlikdə dolu qayığın içində olub. Onlar dənizə düşsələr də, xilas ediliblər. Hadisə ilə bağlı Bulon-sür-Mer prokurorluğu tərəfindən istintaq başladılıb.
Pas-de-Kale prefekti Loran Tuve bildirib ki, cümə axşamından bəri uğursuz keçid cəhdləri və başa çatmış səfərlərlə bağlı 41 dəniz insidenti qeydə alınıb, 223 nəfərə isə xilasedici xidmətlər tərəfindən yardım göstərilib.
“Vicdansız cinayətkar şəbəkələrin təşkil etdiyi bu ölümcül keçidlər qarşısında dövlət tam səfərbərdir. Polis, jandarm və təcili yardım xidməti əməkdaşları gecə-gündüz həyatları xilas etmək üçün çalışırlar”, – prefekt qeyd edib.
Fransanın şimalında miqrantlara dəstək verən Utopia 56 assosiasiyası X platformasında paylaşım edərək yazıb: “Bu səhər Bulon-sür-Mer sahillərində bir uşağın cəsədi tapıldı. Bu, son iki gündə kanal üzərindən keçməyə çalışanların dördüncü ölümü oldu. Onlar bu sərhəddə həyata keçirilən ölümcül siyasətin qurbanlarıdır.”
Qeyd edək ki, son iki həftədə Britaniya və Fransa “bir girən – bir çıxan” qaydası ilə yeni razılaşma tətbiq edib. İndiyədək 7 nəfər Fransa tərəfinə geri göndərilib. Bununla yanaşı, azyaşlı uşaq da daxil olmaqla üç nəfərlik bir ailə Böyük Britaniyaya qəbul olunub.
Britaniya hökuməti, həmçinin Kalye və Dankerk ərazilərində xəbərdarlıq lövhələri quraşdırıb. Lövhələrdə kanal vasitəsilə ölkəyə gələnlərin yenidən Fransaya qaytarılma riskinin olduğu qeyd olunub. Razılaşmadan bəri yalnız 19 sentyabrda 13 qayıqla 1,072 nəfər Britaniyaya keçid edib.
Mənbə:The Guardian
Tərcümə etdi: Rəna Qarayeva