ABŞ Prezidenti Donald Tramp Türkiyəyə Rusiyadan enerji almağı dayandırmaq çağırışı edib.
Bu barədə Tramp 25 sentyabrda Ağ Evdə Prezident Rəcəb Tayyib Ərdoğanla görüş zamanı bildirib:“Onun edə biləcəyi ən yaxşı şey Rusiyadan neft və təbii qaz almağı dayandırmaq olar”.
Rusiya tərəfi isə bu çağırışı rədd edib. TASS xəbər agentliyinə görə, Kremlin sözçüsü Dmitri Peskov 26 sentyabrda açıqlamasında Qara dəniz üzərindən Türkiyəyə təbii qaz nəql edən “TürkAxını” və “Mavi Axın” boru kəmərlərinin “tam gücü ilə” işlədiyini bildirib.
Peskov əlavə edib:“Türkiyə Respublikası ilə ticarət və iqtisadi əməkdaşlığımızı davam etdiririk. Türkiyə suveren bir dövlətdir və əməkdaşlıq məsələsində öz qərarlarını verir".
Trampın açıqlaması ABŞ-nin Ukrayna–Rusiya müharibəsi fonunda Rusiyaya təzyiqləri artırdığı bir dövrdə gəlib. BBC Türkçəyə danışan ekspertlər isə vurğulayıblar ki, Türkiyənin Rusiyadan enerji asılılığını qısa müddətdə kəskin şəkildə azaltması real görünmür.
Türkiyə enerji sahəsində böyük ölçüdə xaricdən asılıdır. Xam neft idxalında ən böyük tərəfdaş Rusiya Federasiyasıdır. Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatına görə, Türkiyə 2025-ci ilin yanvar–iyun aylarında Rusiyadan 7,1 milyon ton xam neft idxal edib. Rusiyadan alınan xam neft və yanacaq məhsulları ümumi idxalın 60 faizini təşkil edir. Yəni Türkiyəyə daxil olan hər 10 bareldən təxminən 7-si Rusiyadan gəlir.
Türkiyə İqtisadiyyat Siyasətləri Araşdırma Vəqfi (TEPAV) Enerji və İqlim Araşdırmaları Mərkəzinin direktoru Dr. Mühdan Sağlam bildirib ki, son altı ildə Türkiyənin Rusiyadan neft idxalı artıb. Bunun səbəbləri arasında Ukraynanın işğalından sonra Rusiya neftinin ucuzlaşması, Türkiyədəki iqtisadi böhran və İraqdan təklifin azalması göstərilir.
Türkiyə Enerji Strategiyaları və Siyasətləri Araşdırma Mərkəzinin (TESPAM) rəhbəri Oğuzhan Akyener isə Türkiyənin Rusiya ilə enerji əlaqələrinin dərin olduğunu vurğulayıb. O qeyd edib ki, bəzi neft emalı zavodları 2–5 illik təchizat müqavilələri imzaladığı üçün Rusiyadan neft almaq “birdən-birə” dayandırıla bilməz.
Akyener əlavə edib:“Neft ticarətində pul köçürmələri üçün alternativ metodlar hazırlanıb. Bu, Türkiyəni çox təsirləndirməyəcək, amma ehtiram xatirinə alımı bəlkə bir qədər azalda bilər".
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva