Bu gün:

Dronlar Danimarka hərbi bazaları üzərində son hava pozuntusunda görüldü


Bu həftənin əvvəlində hava məkanının pozulmasına səbəb olan insidentlərdən sonra pilotsuz uçuş aparatları (PUA) Danimarkanın ən böyük hərbi bazası da daxil olmaqla bir sıra obyektlərin yaxınlığında müşahidə edilib. Qurğular, digər yerlərlə yanaşı, Karup aviabazası üzərində görüldü və bu səbəbdən hava məkanı qısa müddətə kommersiya uçuşları üçün bağlandı. Oxşar müşahidələr Almaniya, Norveç və Litvada da qeydə alınıb. Bu, Danimarkada artmaqda olan şübhəli dron fəaliyyətlərinin sonuncusudur. Hadisələr ölkənin hava hücumlarına qarşı həssaslığı barədə narahatlıqları artırır və Rusiyanın mümkün müdaxiləsi ilə bağlı şübhələri gücləndirir.Danimarka rəsmiləri cümə axşamı baş verənləri “hibrid hücum” adlandırsa da, bunun arxasında Moskvanın olduğuna dair sübutların mövcud olmadığını bildiriblər. Növbətçi zabit Simon Skelsjaer AFP-yə açıqlamasında bildirib ki, insident cümə günü yerli vaxtla saat 20:15-də (GMT 18:15) başlayıb və bir neçə saat davam edib. O, PUA-ların haradan gəldiyi barədə danışa bilməyəcəyini deyib, çünki qurğular vurulmayıb. Polis araşdırmanı Danimarka ordusu ilə birgə aparır. Skelsjaer əlavə edib ki, bazanın üzərində mülki hava məkanı qısa müddətə bağlansa da, həmin vaxt ərazidə kommersiya uçuşları planlaşdırılmadığından ciddi təsir olmayıb. Danimarka Müdafiə Nazirliyi gecə ərzində bir neçə hərbi obyektin yaxınlığında dronların görüldüyünü təsdiqləyib, lakin obyektlərin adını açıqlamayıb. Nazirlik əlavə şərh verməkdən imtina edib.

Karup aviabazası Danimarka Silahlı Qüvvələrinin əsas mərkəzlərindən biridir. Burada bütün helikopterlər, hava məkanının müşahidəsi sistemi və Müdafiə Komandanlığının bölmələri yerləşir. Bazada təxminən 3,500 nəfər xidmət edir. Son günlər Danimarkanın müxtəlif hava limanları üzərində də PUA-lar qeydə alınıb. Bəziləri müvəqqəti olaraq bağlanmalı olub:

•  Aalborg və Billund hava limanları çərşənbə günü dronlara görə fəaliyyətini dayandırıb.
    Üç kiçik hava limanı da dron fəaliyyəti barədə məlumat verib, lakin uçuşlara davam edib.
•    Kopenhagen hava limanı bazar ertəsi bir neçə dron aşkarlandıqdan sonra bir neçə saat bağlanıb.
    Eyni vaxtda Oslo hava limanı (Norveç) da oxşar səbəblə müvəqqəti bağlanıb.

Almaniyanın Daxili İşlər Nazirliyi də Şlezviq-Holşteyn bölgəsində bir neçə PUA-nın müşahidə olunduğunu təsdiqləyib və araşdırma başladığını açıqlayıb. Nazir Alexander Dobrindt dron təhlükəsinin yüksək olduğunu və məsələnin gələn ay Avropa tərəfdaşları ilə müzakirə ediləcəyini bildirib. Norveç polisi isə Orland aviabazası (F-35 qırıcılarının yerləşdiyi baza) yaxınlığında şübhəli dron görüntülərini araşdırır. Litvanın Vilnüs hava limanı da cümə günü PUA fəaliyyətinə görə uçuşları təxirə salıb. Hadisələr NATO üzvü ölkələrdə Rusiyanın dolayı təcavüz strategiyasının bir hissəsi ola biləcəyi barədə ehtimalları gücləndirsə də, bu əlaqə sübut olunmayıb. Rusiyanın Kopenhagendəki səfirliyi ittihamları rədd edərək onları “absurd fərziyyələr” adlandırıb və insidentləri “mərhələli təxribat” kimi qiymətləndirib.Danimarkanın müdafiə naziri isə bildirib ki, hibrid hücumlar adətən “peşəkar aktyorlar” tərəfindən həyata keçirilir, lakin bu dəfə insidentin yerli icra edildiyi görünür. Hibrid hücum – hərbi və qeyri-hərbi taktikaların qarışığından istifadə edilərək bir ölkənin infrastrukturuna və ya institutlarına müdaxilə formasıdır. Rusiya daha əvvəl də hibrid hücumlarda ittiham olunub. Bir neçə NATO üzvü ölkənin hava məkanına müdaxilə barədə məlumat verdikdən sonra Avropada yüksək hazırlıq vəziyyəti elan olunub.

Mənbə: BBC
Tərcümə etdi: Fidan Şahbazlı

Paylaş
Şərh əlavə et