Bu gün:

Super tayfun Filippinlərə zərbə vurub


Filippinlərdə minlərlə insanın təxliyəsinə səbəb olan super tayfun ölkənin hava bürosunun məlumatına görə “bir qədər” zəifləyib.

Super tayfun Ragasa bazar ertəsi yerli vaxtla saat 15:00-da (GMT 08:00) Filippinlərin şimalındakı Kaqayan vilayətinə aid Babuyan adalarından Panuitan adasında sahilə çatıb. Ragasa 285 km/saat (177 mil/saat) sürətli küləklərlə qərbə, Cənubi Çinə doğru hərəkət edəcəyi gözlənilir.

Hava bürosunun xəbərdarlığına əsasən, tayfunun intensivliyindəki kiçik dəyişikliklərə baxmayaraq, hələ də “həyat üçün təhlükəli dalğalar” yaradır və onların hündürlüyü 3 metrə (10 futa) qədər çata bilər.

Rəsmilər daşqınlar, torpaq sürüşmələri, evlərə və infrastruktur obyektlərinə ziyan vurulması barədə xəbərdarlıq ediblər. Paytaxt Manila da daxil olmaqla ölkənin geniş ərazilərində məktəblər və dövlət idarələri bağlanıb. Tayfunun sahilə çatdığı ucqar Batanes və Babuyan adalarında təxminən 20 min insan yaşayır və onların çoxu yoxsulluq şəraitindədir.

Adalardan biri olan Kalayan adasında informasiya zabiti Herbert Singun Agence France Presse-ə (AFP) bildirib ki, məktəbin damının hissələri qoparaq təxminən 30 metr məsafədə yerləşən təxliyə mərkəzinin üzərinə düşüb və nəticədə bir nəfər yüngül xəsarət alıb.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et