Bakı Şəhər Halqasında keçirilən Azərbaycan Qran-Prisi Formula 1 azarkeşlərinə unudulmaz anlar yaşatdı. Yarışa “pole position”dan başlayan Maks Ferstappen startdan finişədək üstünlüyünü qoruyaraq inamlı qələbə qazandı. Hollandiya sürücüsü həm strategiya, həm də sürət baxımından rəqiblərinə heç bir şans tanımadı.
Yarışın ən gərgin anları ilk dövrələrdə qeydə alındı. Bir neçə sürücünün qəza etməsi nəticəsində təhlükəsizlik maşını trasda göründü. Bu isə taktiki dəyişikliklərə səbəb olsa da, liderlik mövqeyinə təsir etmədi. İkinci yeri Mercedes sürücüsü Corc Rassell, üçüncü pilləni isə Williams komandasının pilotu Karlos Sayns tutdu. Williams üçün bu nəticə uzun illərdən sonra Bakıda qazanılan ən önəmli uğurlardan biri kimi dəyərləndirilir. Yarış həm də mövsümün ümumi xal cədvəli baxımından böyük əhəmiyyət kəsb edir. Ferstappen bu qələbə ilə mövqeyini daha da möhkəmləndirdi və çempionluq yolunda əsas favorit olduğunu bir daha sübut etdi. Azərbaycan Qran-Prisi tamaşaçılar üçün də xüsusi ovqat yaratdı. Sıx döngələri, uzun düzlükləri ilə seçilən Bakı trası bir daha Formula 1 təqvimində özünəməxsus yerini təsdiqlədi.
Hazırladı: Gülay Bədirli