Formula 1 rəhbərliyi elan edib ki, Azərbaycan Qran Prisi yarış təqvimində daha dörd il qalacaq. Bununla da Bakı yarışı ən azı 2030-cu ilə qədər F1 azarkeşlərini həyəcanlandırmağa davam edəcək.

Xəzər sahilində yerləşən 6 km-lik Bakı Şəhər Halqası dar və texniki döngələri, həmçinin İçərişəhərin qala divarları boyunca uzanan ikonik hissəsi ilə F1-in ən maraqlı treklərindən hesab olunur. 2016-cı ildə Avropa Qran Prisi adı ilə debüt edən yarış, 2017-ci ildən Azərbaycan Qran Prisi kimi təqvimdə daimi yer alıb.
2024-cü ildə keçirilən yarış həftəsonunda Bakı 70-dən çox ölkədən azarkeşi qəbul edib, televiziya yayımları isə 66 milyondan çox qlobal auditoriya toplayıb. İndiyədək keçirilən 8 yarışda 7 fərqli sürücü qalib gəlib. Bakı trekinin yeganə ikiqat qalibi meksikalı Serxio Peresdir.
Formula 1-in prezidenti Stefano Domenikali Azərbaycanın F1-dəki rolunu yüksək qiymətləndirərək bildirib:
“Bakı unikal trekə malikdir, burada hər il hadisəli və maraqlı yarış izləyirik. Azərbaycan hökuməti və tərəfdaşlarımızla əməkdaşlıq yarışın gələcəyinə güclü inam yaradır.”
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov isə qeyd edib ki, tərəfdaşlığın genişlənməsi ölkəmizin beynəlxalq idman mərkəzi kimi mövqeyini daha da gücləndirəcək:
“Formula 1 artıq paytaxtımızın gözəlliyini və enerjisini bütün dünyaya nümayiş etdirən ən vacib tədbirlərdən birinə çevrilib.”
Beləliklə, Bakı növbəti illərdə də dünya ulduzlarını və yüz minlərlə azarkeşi Formula 1 həyəcanı üçün bir araya gətirəcək.
Mənbə: Formula 1
Tərcümə etdi: Gülay Bədirli
