Bu gün:

Alimlər açıqladı: Bəşəriyyət yeni bir təkamül mərhələsinə daxil olur


ABŞ-də aparılan son tədqiqatların nəticələrinə görə, insanlıq artıq yalnız genetik əsaslarla formalaşan bir növ olmaqdan çıxaraq, mədəniyyətin istiqamətləndirdiyi yeni bir təkamül mərhələsinə qədəm qoyur. Alimlərin qənaətinə əsasən, müasir cəmiyyətlər qarışqa koloniyaları və ya arı pətəkləri kimi kollektiv şəkildə fəaliyyət göstərən “superorqanizmlərə” çevrilməkdədir.

Maine Universitetinin tədqiqatçıları bildirirlər ki, insan təkamülündə diqqətçəkən dəyişikliklər müşahidə olunur. Onların fikrincə, mədəniyyət bu prosesdə genetik amillərdən daha həlledici rol oynamağa başlayıb.

"Euronews"un məlumatına əsasən, araşdırmada COVID-19 pandemiyası nümunə kimi göstərilib. Bu dövrdə insanlar yalnız fərdi deyil, həm də ictimai miqyasda “immun sisteminə” bənzər birgə fəaliyyət nümayiş etdirərək cəmiyyətin qorunmasına çalışıblar.

Alimlər vurğulayırlar ki, insanlıq tarixində böyük sıçrayışlar genetik dəyişikliklərdən daha çox mədəni inkişaf sayəsində mümkün olub. Kənd təsərrüfatının başlanması, mühəndislik qurğularının yaradılması, peyvəndlərin kəşfi və müasir biotexnologiyaların inkişafı da mədəni təkamülün məhsulu kimi dəyərləndirilir.

Hazırda dünyada doğuşların üçdə biri qeysəriyyə əməliyyatı ilə həyata keçirilir, insanların dörddə üçü isə eynəkdən istifadə edir. Təbiətin seçmə prinsiplərinə görə zəiflik hesab edilən bu halların, mədəniyyətin yaratdığı alternativ həllər nəticəsində insan həyatına mane olmadığı qeyd olunur.

Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, mədəni təkamülün riskləri də mövcuddur. Tədqiqatçılardan Waring-in sözlərinə görə, “Təkamül həmişə müsbət nəticələr vermir; bəzən sərt və arzuolunmaz nəticələr də doğura bilər. Mədəni təkamül nə mütləq irəliləyiş, nə də üstünlük deməkdir”.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et