Meta sosial şəbəkəsində məktəbli qızların “məktəbə dönüş” fotolarını 37 yaşlı bir kişiyə reklam məqsədilə göstərib. Valideynlər isə bunu “utandırıcı” və “dəhşətli” adlandırıblar.
Həmin kişi Instagram lentində Mark Zukerberqin Elon Musk-un X-ə rəqib kimi yaratdığı Threads platformasına qoşulmağa çağıran paylaşımları görüb. Bu paylaşımlarda məktəb formasında 13 yaşlı qızların şəkilləri, üzü və çox vaxt adları açıq şəkildə görünürdü.
Fotolar valideynlərin uşaqlarını məktəbə yola salması ilə bağlı paylaşdıqları şəkillərdən götürülüb. Onlar bilməyiblər ki, Meta parametrləri buna imkan verir. Bir ana bildirib ki, hesabı bağlı olsa da, şəkillər avtomatik olaraq Threads-də görünürmüş. Başqa ana isə açıq hesaba paylaşım edib. Şəkillər yad adamın qarşısına “təklif olunan paylaşımlar” kimi çıxıb.
Şəkilləri alan şəxs The Guardian-a deyib ki, bunlar “qəsdən provokativ” və “uşaqların, ailələrin istismarına yönəlmiş” görünürdü.
13 yaşlı qızının fotosunu görən ata isə bildirib:
“Qızımın şəklinin belə seksual xarakter daşıyan formada böyük bir şirkət tərəfindən məhsul reklamına çevrilməsi məni iyrəndirdi".
2 trilyon dollarlıq şirkət olan Meta isə bildirib ki, bu fotolar siyasətlərini pozmur. Onların sözlərinə görə, Threads-i tanıtmaq üçün ictimai paylaşımlardan istifadə olunur və sistem yeniyetmələrin paylaşımlarını tövsiyə etmir. Amma bu hallar böyüklərin açıq hesablarından gəlir.
Şəkilləri görən kişi əlavə edib ki, ona yalnız məktəbli qızların şəkilləri göstərilib, oğlan uşaqlarının fotoları olmayıb. Bu isə “seksuallaşdırma elementinə” işarə edir.
15 yaşlı qızının şəklindən “Get Threads” düyməsi ilə reklamda istifadə olunan başqa bir ana isə deyib:
“Mənim üçün bu, sadəcə qızımın məktəbə getdiyi bir şəkil idi. Onların bunu götürüb reklamda istifadə etməsindən xəbərim yox idi. Qətiyyən icazə verməzdim. Qızım hələ də azyaşlıdır.”
Həmin ananın şəxsi hesabı cəmi 267 izləyici tərəfindən izlənilirdi, amma paylaşım birdən 7 min baxış topladı. Baxışların 90%-i kişilər, yarısı isə 44 yaşdan yuxarı şəxslər idi.
Başqa bir ana isə dedi:
“Meta bunu bilərəkdən edir. Valideynlərə demədən uşaqların fotolarından reklam məqsədilə istifadə edirlər. Bu, iyrəncdir.”
Şirkət isə bu paylaşımları “təklif alətləri” adlandıraraq bildirib ki, ictimai postlar bu məqsədlə istifadə oluna bilər.
Şirkət sözçüsü açıqlama verib:
“Paylaşılan şəkillər siyasətimizə zidd deyil və valideynlərin açıq şəkildə paylaşdığı məktəb fotolarıdır. Sistemlərimiz gənclərin paylaşımlarını tövsiyə etmir. İstifadəçilər isə öz parametrlərində Meta-nın onların ictimai paylaşımlarını təklif edib-etməməsinə nəzarət edə bilərlər.”
Londonda yaşayan 37 yaşlı Instagram istifadəçisi isə deyib:
“Bir neçə gün ərzində mənə yalnız məktəbli qızların şəkilləri ilə dolu reklamlar göstərildi. Onların bəzilərində qızların adları da görünürdü. Mən də ata olaraq bunu çox yolverilməz sayıram".
Uşaqların hüquqlarını müdafiə edən Lordlar Palatasının üzvü Biban Kidron isə bildirib:
“Məktəb yaşlı qızların fotolarından yem kimi istifadə edib kommersiya xidmətini reklam etmək Meta üçün belə görünməmiş alçaqlıqdır. Şirkət həmişə mənfəəti uşaqların təhlükəsizliyindən üstün tutur".
O, Böyük Britaniya tənzimləyicisi Ofcom-a müraciət edərək bildirib ki, yeni qəbul olunan tədbirlər açıq şəkildə göstərməlidir ki, “şirkətlər uşaqların seksual xarakterli təsvirlərini yad kişilərə təqdim edə bilməz”.
Ofcom-un qaydalarına görə, uşaqların profilləri, məkanları və əlaqələri digər istifadəçilər üçün görünməməlidir.
Meta isə əlavə edib ki, əgər Threads profili açıqdırsa, böyüklərin paylaşımları Facebook və Instagram-da tövsiyə oluna bilər. Amma istifadəçilər bunu söndürə və ya hesabı özəl rejimə keçirə bilərlər.
Mənbə: The Guardian
Tərcümə etdi: Rəna Qarayeva
