Bu gün:

Ukrayna: Rusiya hava hücumunda 3 nəfər həlak olub


Ukrayna Prezidenti Volodimir Zelenski bildirir ki, ölkəyə yönəlmiş “kütləvi” gecə hava hücumunda azı 3 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.

O deyib ki, ölkənin müxtəlif bölgələri “sivil insanları qorxutmaq və infrastrukturu məhv etmək” məqsədilə həyata keçirilən “məqsədli strategiya” çərçivəsində hədəfə alınıb. Bildirilir ki, yaşayış binasına birbaşa raket zərbəsi də dəyib.

Ukrayna Hərbi Hava Qüvvələri Moskvanın 619 dron və raket buraxdığını açıqlayıb. Rusiya Müdafiə Nazirliyi isə “kütləvi zərbə”nin “dəqiq silahlar”la həyata keçirildiyini və hərbi-sənaye obyektlərini hədəf aldığını bildirib.

Digər tərəfdən, Rusiya Samara bölgəsində Ukrayna dron hücumunda dörd nəfərin öldüyünü açıqlayıb. Kiyev isə oradakı böyük neft emalı zavodunun vurulduğunu bildirir. Ukrayna həmçinin qonşu Saratov bölgəsində başqa bir Rusiya neft emalı zavodunun zədələndiyini deyib.

Rusiya Prezidenti Vladimir Putin 2022-ci ildə Ukraynaya tammiqyaslı işğala başlayıb.

Sosial şəbəkədə paylaşım edən Prezident Zelenski bildirib ki, gecə saatlarında Ukraynanın ğDnipro, Mikolayiv, Çerniqiv, Zaporojye, Poltava, Kiyev, Odessa, Sumi və Xarkov bölgələri Rusiyanın hücumuna məruz qalıb.

O vurğulayıb ki, “yaşayış sahələri və mülki obyektlər” hədəfə alınıb.

Mərkəzi Dnipro şəhərində isə Zelenski qeyd edib ki, “yüksək mərtəbəli yaşayış binasına kümulyativ mərmi daşıyan raketin birbaşa zərbəsi” dəyib.

BBC bu səhər yayımlanan görüntüləri təsdiqləyib – raketin uçuşu və zərbə anı, həmçinin Dniprodakı binanın ciddi zədələndiyi fotoşəkillər mövcuddur.

Rusiyada Samara bölgə qubernatoru Vyacheslav Fedorishchev deyib ki, “gecə saatlarında düşmən dronları tərəfindən həyata keçirilən hücum nəticəsində” 4 nəfər ölüb.


Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et