Qırğızıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Sərhəd-2025-in komanda-qərargah təlimləri başa çatıb. 
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bağlanış mərasimində Qırğızıstan müdafiə nazirinin birinci müavini Erlis Terdikbayev, KTMT Birləşmiş Qərargahının rəisi Andrey Serdyukov, təlimdə iştirak edən milli hərbi kontingentin şəxsi heyəti, Balıçki qarnizonunun əsgərləri və onların ailə üzvləri iştirak ediblər.
Təlimlər üç mərhələdə baş tutub. Birinci mərhələdə Mərkəzi Asiya Kollektiv Çevik Yerləşdirmə Qüvvələrinin yüksək döyüş hazırlığı zamanı hərəkətləri, eləcə də təlim zonasına yenidən qruplaşdırılması işlənib. İkinci mərhələdə bölmələr dağlıq ərazilərdə qanunsuz silahlı birləşmələrin məhv edilməsi üzrə hərbi əməliyyatların təşkilinin hazırlanması ilə məşğul olub. Üçüncü mərhələdə bölmələr tərəfindən qanunsuz silahlı birləşmələrin döyüş qruplarının və dəstələrinin qarşısının alınması və məhv edilməsi, dövlət sərhədi boyunca vəziyyətin bərpası istiqamətində hərbi əməliyyatlar aparılıb.
KTMT-nin respublikada təlimləri sentyabrın 17-20-də Balıçkidəki Edelveys təlim mərkəzinin bazasında və İssık-Kul gölündə keçirilib. Onlarda Qırğızıstan, Qazaxıstan, Rusiya, Tacikistanın hərbi kontingentləri, KTMT Birləşmiş Qərargahının və katibliyinin əməliyyat qrupları iştirak edib.
İştirakçılar 1200 nəfər və 500 ədəd hərbi və xüsusi texnika, o cümlədən təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları və döyüş katerlərindən ibarət olub.
Mənbə: TASS
Tərcümə etdi: Nəzakət Nəsibli
