Bu gün:

Bakı Qran Prisinin ilk günü başa çatdı


Formula 1 Azərbaycan Qran Prisinin ilk günü maraqlı anlarla yadda qaldı. Sərbəst məşqlərdə həm gərgin mübarizə yaşandı, həm də gözlənilməz hadisələr baş verdi.


Birinci sessiyada Lando Norris (McLaren) ən sürətli nəticəni göstərərək liderliyi ələ aldı. Onun komanda yoldaşı Oscar Piastri ikinci oldu. İlk üçlüyü isə Charles Leclerc (Ferrari) tamamladı.
İkinci sessiyada üstünlük Ferrariyə keçdi. Lewis Hamilton günün ən yaxşı vaxtını göstərdi, Leclerc isə ondan cəmi 0.074 saniyə geri qalaraq ikinci oldu. İlk dördlükdə həmçinin George Russell (Mercedes) və gənc istedad Kimi Antonelli qərarlaşıblar.
Günün ən çox diqqət çəkən hadisəsi isə McLaren sürücülərinin qəza etməsi oldu. Norris bolidini 4-cü döngədə baryerlərə çırpdı, Piastri isə 15-ci döngədə xətaya yol verdi. Bu səbəbdən komanda sessiyanı uğursuz yekunlaşdırdı.
Ferrari isə əksinə, sabit və güclü performans sərgilədi. Hamilton və Leclerc-in tempi göstərdi ki, komanda həftəsonuna əsas favoritlərdən biri kimi daxil olur. Mercedes də yaxşı nəticələr nümayiş etdirərək sıralama turu və yarış üçün iddialı görünür.
Azərbaycan Qran Prisinin ikinci günü sıralama turları ilə davam edəcək. Bütün diqqətlər indi Bakının dar küçələrində kimlərin ön sıraları ələ keçirəcəyinə yönəlib.
Hazırladı: Gülay Bədirli 

Paylaş
Şərh əlavə et