Bu gün:

NASA açıqladı: İllər sonra günəş yenidən “oyanır”


Uzun müddət aşağı aktivlik göstərəcəyi gözlənilən Günəş alimlərin proqnozlarının əksinə olaraq yenidən fəallaşmağa başlayıb. NASA-nın məlumatına görə, artan günəş fırtınaları və partlayışlar rabitə sistemlərindən tutan elektrik şəbəkələrinə qədər bir sıra sahələr üçün risk yaradır.

Artan günəş aktivliyi radio rabitəsində kəsintilərə, peyklərin sıradan çıxmasına, hətta elektrik şəbəkələrinin işində ciddi nasazlıqlara səbəb ola bilər. NASA-nın 9 sentyabr 2025-ci ildə əldə etdiyi son görüntülər Günəşin gözlənildiyindən daha aktiv olduğunu göstərir. Adətən 11 illik dövrlərlə dəyişən günəş aktivliyi 1980-ci illərdən 2008-ci ilə qədər azalma meyli göstərib. Alimlər bu enişin davam edəcəyini proqnozlaşdırırdılar. Lakin 2008-ci ildən sonra əks mənzərə ortaya çıxıb – Günəş yenidən “canlanmağa” başlayıb.

Məsələ ilə bağlı NASA mütəxəssisi Ceymi Yasinski bildirib: “Bütün göstəricilər aktivliyin aşağı səviyyədə qalacağını göstərib. Bu gedişatın dəyişməsi bizim üçün sürpriz olub. Günəş yavaş-yavaş oyanır.”

Dünya üçün nəticələr nələr olacaq?

Günəşdə müşahidə edilən güclü partlayışlar və koronal kütlə atımları (CME) xüsusilə rabitə sistemləri üçün ciddi təhlükə yaradır. Bu hadisələr radio kəsintilərinə, GPS nasazlıqlarına, peyk avadanlıqlarında sıradan çıxmalara və elektrik şəbəkələrində problemlərə gətirib çıxara bilər. Eyni zamanda, Günəşdən gələn yüklü zərrəciklər Yer kürəsinin maqnit sahəsinə təsir göstərərək şimal və cənub işıqlarının (aurora) daha güclü və parlaq müşahidə olunmasına səbəb olur.

Tarix boyu astronomlar günəş dövrlərini yaxından izləyiblər. 1790–1830-cu illər arasında Günəşin təxminən 40 il ərzində qeyri-adi şəkildə minimum aktivlikdə qaldığı məlumdur. Lakin bu prosesin səbəbləri hələ də tam açıqlana bilməyib.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et