Bu gün:

Frida Kahlonun nadir əsəri 60 milyon dollara satıla bilər


Meksikalı rəssam Frida Kahlonun az tanınan əsərlərindən biri – “El sueño” (“Yuxu”) noyabrın 8-də Sotheby’s hərracında satışa çıxarılır. Əsərin qiyməti 40–60 milyon dollar dəyərində qiymətləndirilir.

Bu məbləğ rəssamın indiyədək ən yüksək satış rekordu olan 34,9 milyon dolları üstələyə və qadın rəssamların əsərləri arasında hərrac rekordu qıra bilər. Hazırda həmin rekord 2014-cü ildə Georgia O’Keeffe-in “Jimson Weed/White Flower No.1” əsərinə ödənilən 44,4 milyon dollardır.

1940-cı ildə çəkilmiş əsərdə Kahlo özünü dörd dirəkli yataqda, üzərində isə çiçək tutmuş skeletlə təsvir edib. Əsər həm simvolik, həm də şəxsi iztirablarını əks etdirən psixoloji avtoportret hesab olunur.

Tablo ən son 1990-cı illərin sonlarında sərgilənib və hazırda London, Əbu-Dabi, Honq-Konq və Parisdə nümayiş etdirildikdən sonra Nyu-Yorkda satışa çıxarılacaq.


Mənbə: AP

Tərcümə etdi: Nəzakət Nəsibli 

Paylaş
Şərh əlavə et