Bu gün:

Sally Rooney həbs təhlükəsi ucbatından mükafatını qəbul edə bilməyib


“Normal People” romanının müəllifi artıq Böyük Britaniyaya daxil olarkən həbs olunma riski ilə üzləşə bilər – bu barədə onun naşiri mükafat mərasimində Rooneyin bəyanatını oxuyarkən açıqlayıb.

İrlandiyalı yazıçı Sally Rooney bu həftə ədəbi mükafatını almaq üçün Böyük Britaniyaya gələ bilməyib, çünki “Palestine Action” adlı qadağan edilmiş qrupa verdiyi dəstəyə görə onun ölkəyə daxil olduğu anda həbs edilə biləcəyindən ehtiyat edilir.

Rooney dördüncü romanı “Intermezzo” ilə “Sky Arts” ədəbiyyat mükafatını qazanıb. Çərşənbə axşamı keçirilən mərasimdə iştirakçılara onun “burada ola bilmədiyi” bildirilib. Mükafatı isə onun redaktoru, Faber nəşriyyatının rəhbəri Alex Bowler onun adından qəbul edib.

Bowler Rooneyin bəyanatını səsləndirib. Yazıçı izah edib ki, “qeyri-zorakı müharibə əleyhinə etirazlara” verdiyi dəstəyə görə ona “artıq Böyük Britaniyaya təhlükəsiz daxil ola bilməyəcəyi” və həbs riski ilə üzləşəcəyi barədə məsləhət verilib.

Avqust ayında Rooney bildirib ki, o, öz əsərlərindən("Normal People" və "Conversations with Friends") həmçinin BBC tərəfindən onların ekranlaşdırılmasından əldə etdiyi gəlirləri “Palestine Action” qrupuna dəstək üçün istifadə etməyi planlaşdırır. Bu təşkilat iyul ayında Böyük Britaniyada terrorçu qrup elan olunmuşdu.

Rooneyin bəyanatı belə başlayırdı:

“Mən bu mükafatı almaqdan çox təsirləndim və minnətdaram. "Intermezzo"-nu yazmaqdan böyük zövq aldım və bu əsərin oxucuların həyatında kiçik də olsa yer tutduğunu bilmək mənim üçün çox önəmlidir – təşəkkür edirəm”.

Daha sonra Rooney əlavə edib:

“Kaş bu axşam şəxsən iştirak edib bu şərəfi qəbul edə biləydim, amma qeyri-zorakı müharibə əleyhinə etirazlara dəstəyimə görə mənə bildirilib ki, artıq Böyük Britaniyaya təhlükəsiz daxil ola bilmərəm və həbs riski ilə üzləşə bilərəm. Bu şəraitdə, işimi bu axşam qiymətləndirdiyiniz üçün bir daha minnətdarlığımı bildirirəm və insan həyatının ləyaqətinə, gözəlliyinə olan inamımı, eləcə də Fələstin xalqı ilə həmrəyliyimi bir daha vurğulamaq istəyirəm”.

Keçən ay hüquqşünas və yazıçı Sadakat Kadri "The Guardian"-a bildirib ki, “terrorizmi dəstəkləmək niyyəti ilə pul qəbulu 2000-ci il qanununun 15-ci maddəsinə əsasən cinayətdir”. Bu isə Rooneyin “terrorçu” kimi həbs olunmasına səbəb ola bilər. Kadri qeyd edib ki, məsələn, Böyük Britaniyada bir kitab festivalında fikirlərini ifadə edəcəyi təqdirdə o, cinayət təqibinə məruz qala bilər. O, bu qərarın “çox ciddi şəkildə proporsional olmayan” bir addım olduğunu vurğulayıb.

İyulun əvvəlində qadağa qüvvəyə mindikdən bəri “Palestine Action” ilə əlaqədar olaraq 1600-dən çox insan həbs olunub.


Mənbə: The Guardian

Tərcümə etdi: Rəna Qarayeva



Paylaş
Şərh əlavə et