Panamada çəkildiyi iddia edilən və qısa müddətdə TikTok və YouTube-da milyonlarla izləyici toplayan görüntülər sosial mediada geniş müzakirə mövzusuna çevrilib. Bir istifadəçinin bağçasına düşdüyü iddia edilən obyekt Marvel personajı “Venom”a bənzədilərək viral hal alıb, lakin alimlər bu iddianın əsassız olduğunu açıqlayıblar.

29 avqust tarixində paylaşılan videolarda TikTok istifadəçisi daşabənzər cismin yaşıl-sarı rəngli bir maye sızdırdığını və daha sonra yapışqan qara təbəqəyə çevrildiyini nümayiş etdirib.
@kinpanama adlı istifadəçi paylaşımında cismin yanan qoxu yaydığını iddia edərək universitetlərə müraciət etdiyini, lakin heç bir cavab ala bilmədiyini bildirib.
Videolar qısa müddət ərzində həm TikTok, həm də YouTube platformalarında sürətlə yayılıb. İstifadəçilər obyekti “Venom”a bənzədərkən, milyonlarla izlənilən videolar kosmik həyat, süni intellekt effektləri və digər spekulyasiyalara səbəb olub.
Lakin həqiqət o qədər də “fantastik” deyil: ekspertlər bildirirlər ki, bu, meteor deyil.
Mütəxəssislərin fikrincə, ən məntiqli açıqlama obyektin tərkibi ilə bağlıdır: həmin cisim meteordan deyil, silikon əsaslı polimer olan polidimetilsiloksan (PDMS) və geniş yayılmış həll edici olan heksan qarışığından ibarətdir. Videolarda müşahidə olunan əzələ bənzəri titrəmələr və nəfəs alıb kimi hərəkətlər polimerin fiziki xüsusiyyətləri ilə bağlıdır; PDMS heksanı udaraq şişərkən, həll edici buxarlananda nizamsız şəkildə büzülərək canlı kimi hərəkət effekti yaradır. Rəng, tekstura və bu hərəkətlərin birləşməsi izləyicilərə sanki real bir orqanizm izlədikləri təəssüratını verir.
PDMS və heksan gündəlik həyatda geniş istifadə olunan maddələrdir və tibb, mətbəx avadanlıqları, sürtkü yağları, izolyasiya materialları və digər sahələrdə rast gəlinir.
Nəticə olaraq, Panamada “Venom” mövcud deyil; bu hadisə sosial medianın yanlış təsəvvürləri necə sürətlə yaydığını göstərən aktual bir nümunədir.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
