ABŞ son illərin ən ağır siyasi günlərini yaşayır. Respublikaçı siyasətçi Çarli Kərk-in sui-qəsd nəticəsində öldürülməsi ölkədəki gərgin ab-havanı daha da artırıb. Yuta qubernatoru amerikalılara siyasi ritorikanı yumşaltmaq, birliyə dönmək çağırışı etsə də, cəmiyyətin böyük hissəsi bunun real olmadığını düşünür.

Tarix göstərib ki, ABŞ faciələrdən sonra birləşmək yolunu seçməyib. Arizonada Demokrat konqresmenin güllələnməsi, beysbol məşqində Respublikaçı konqresmenin vurulması və hətta qlobal pandemiya belə ölkəni daha da parçalamağa xidmət edib. Çarli Kərk-in ölümü də eyni nəticə doğurub – siyasi düşərgələr dərhal ayrılıb və hər kəs öz elektoratına yönəlik hekayə qurub.
Ekspertlər hesab edir ki, sosial media bu prosesdə həlledici rol oynayır. Siyasətçilərin və mediada çıxış edənlərin kəskin ritorikası daha çox izləyici və dəstək qazandırdığı üçün nifrət dili güclənib. Bu isə, qubernator Spenser Koksun sözləri ilə desək, cəmiyyətə “xərçəng” kimi zərbə vurub.
Analitiklər bildirir ki, ölkəni parçalanmadan çıxarmaq üçün güclü barışdırıcı liderə ehtiyac var. Lakin hazırda nə prezident, nə də siyasi partiyalar bu öhdəliyi üzərinə götürüb. Əksinə, Tramp Çarli Kərk-in qətlini “radikal solun zorakılığı” kimi təqdim edərək qarşıdurmanı daha da kəskinləşdirib. Uzun illərin araşdırmaları isə göstərib ki, ABŞ-də siyasi motivli qətllərin əksəriyyəti sağ yönümlü şəxslər tərəfindən törədilib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
