İraq Baş nazirinin milli təhlükəsizlik müşaviri Qasim əl-Əraji vurğulayıb ki, “İraq hökuməti Rusiya ilə, o cümlədən təhlükəsizlik sahəsində, strateji münasibətlərin inkişafına ciddi şəkildə sadiqdir”.

İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani oktyabrın 15-də Moskvada keçiriləcək ilk Rusiya-Ərəb sammitində iştirak edəcək. Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır. Bu barədə İraq Baş nazirinin milli təhlükəsizlik müşaviri Qasim əl-Əraji məlumat verib.
İraq Xəbər Agentliyinin (INA) məlumatına görə, əl-Əraji, Bağdada səfər edən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə danışıqlar zamanı, “əs-Sudani ilə Rusiya Prezidenti Vladimir Putin arasında Moskva sammiti çərçivəsində keçiriləcək görüşə hazırlıqları müzakirə etdiklərini” bildirib. Onun sözlərinə görə, Baş nazir yaxınlaşan sammitdə İraq nümayəndə heyətinə rəhbərlik edəcək.
Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti xəbər verib ki, Şoyqu işgüzar səfərlə Bağdada gəlib və burada İraqın ali siyasi və hərbi rəhbərliyi ilə görüşlər keçirəcək.
Mənbə: Anadolu Agentliyi
Tərcümə etdi: Aysel Mirzəyeva
