Bu gün:

ABŞ-ın orta məktəb şagirdlərinin göstəriciləri ən aşağı səviyyəyə çatıb


ABŞ Təhsil Nazirliyi – Tramp administrasiyasının ləğv etməyi planlaşdırdığı qurum – amerikalı orta məktəb şagirdləri arasında keçirilən riyaziyyat və oxu testlərinin son nəticələrini açıqlayıb və onlar rekord dərəcədə aşağı olub.
Wall Street Journal nəşrinin məlumatına görə, nəticələr tarixi minimuma düşüb. Bu, süni intellekt (Sİ) kimi texnologiyaların sürətli inkişafının və COVID-19 pandemiyasının nəticələri də daxil olmaqla digər ehtimal olunan amillərin gənclərin əsas bilik və bacarıqları uğurla mənimsəməsini ciddi şəkildə çətinləşdirdiyinin narahatedici göstəricisidir. Nəticələr hər il on minlərlə şagirdin testdən keçirildiyi Milli Təhsil Proqresinin Qiymətləndirilməsi (NAEP) testlərindən əldə olunub. Testlərin məlumatına görə, 2019–2024-cü illər arasında 12-ci sinif şagirdlərinin (orta məktəbin son ili) riyaziyyat və oxunu mənimsəmə səviyyəsi iki faiz azalıb, oxu üzrə cəmi 35%, riyaziyyat üzrə isə 22% təşkil edib. Şagirdlərin yalnız beşdə biri essedən nəticə çıxara bilib və cəmi 60%-i ərazinin sahəsini və əhali sıxlığını bilmək şərti ilə onun əhalisinin sayını hesablama tapşırığının öhdəsindən gələ bilib.

Bir sıra ekspertlər zəif nəticələrə Sİ texnologiyalarının, xüsusilə OpenAI şirkətinin ChatGPT kimi çat-botlarının inkişafını günahlandırıb. Onların məlumatına görə, hətta müəllimlər də artıq şagirdlərin işlərini qiymətləndirmək üçün Sİ-dən istifadə etməyə başlayır, bununla da dərslərdə uşaqların tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmədiyi bir mənfi geribildirim dövrü yaradırlar.

Bu arada ABŞ təhsil naziri Linda Makmən bildirib ki, orta məktəb şagirdləri arasında riyaziyyat və oxu üzrə rekord dərəcədə aşağı nəticələr ABŞ Təhsil Nazirliyinin bağlanmasına əlavə arqument olub. “Prezident Tramp və mən ştatlara təhsilə nəzarəti qaytarmaq niyyətindəyik ki, onlar innovasiyaları tətbiq edə bilsinlər”, – deyə o, bəyanatında qeyd edib.

Mənbə: naked science

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et