Bu gün:

Trampın qərarı kənd qadınlarını tibbi yardımdan məhrum qoyub


Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan vilayətinin Şeş Pol kəndində faciə yaşanıb. Doğuş sancısı keçirən Şahnaz həyat yoldaşı ilə yaxınlıqdakı klinikaya çatanda qapıların bağlı olduğunu görüb. Klinikanın bağlandığını bilməyən ailə geri dönməyə məcbur olub. Yolda qız uşağını dünyaya gətirən Şahnaz qanaxmadan ölüb, körpə isə bir neçə saat sonra həyatını itirib.

Şeş Pol klinikası ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən 400-dən çox tibb müəssisəsindən biri olub. Lakin Tramp administrasiyası yardımları dayandırandan sonra fəaliyyətini saxlayıb. Bu klinika dağlıq bölgədə qadınların yeganə ümid yeri hesab olunub, hər ay onlarla doğuş həyata keçirilib.


Son aylar Bədəxşanda oxşar hadisələr çoxalıb. Şeş Pol qəbiristanlığında Şahnazın məzarının yanında doğuş zamanı həlak olan digər qadınların məzarları da var. Başqa kəndlərdə də analar və körpələr tibbi yardım çatmadığı üçün həyatını itirib. Fayzabad şəhər xəstəxanasında isə çarpayı çatışmazlığı ucbatından bir çarpayıya üç qadın yerləşdirilib.


Həkimlərin sözlərinə görə, son dörd ayda ana ölümləri ötən illə müqayisədə kəskin artıb. Yeni doğulan körpələrin həyatı da təhlükədə qalıb. Taliban hökumətinin qadınların təhsilinə və tibb bacısı hazırlığına qoyduğu qadağalar vəziyyəti daha da ağırlaşdırıb.


Beləliklə, Trampın yardımları dayandırması və Talibanın məhdudiyyətləri qadınları tibbi yardımsız qoyub.


Mənbə: BBC 

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et