Bu gün:

Netanyahu girovların azad olunmasına mane olub


HƏMAS-ın əlində saxlanılan israilli girovların ailələri Baş nazir Benyamin Netanyahunu onların azad olunmasına yeganə maneə olmaqda ittiham edib. “Girovlar və İtkin Düşənlər Forumu”nun açıqlamasında qeyd olunub ki, hər dəfə razılaşma yaxınlaşıb, Netanyahu prosesi sabotaj edib. Ailələr bildirib ki, Baş nazirin hakimiyyətdə qalmaq üçün vaxt udması 42 girovun həyatına son qoyub və qalanlarının da həyatını təhlükə altına salıb.

İsrailin ötən həftə Qətərin paytaxtı Dohaya endirdiyi zərbə böyük rezonans doğurub. HƏMAS hücum nəticəsində beş üzvünün, Qətər isə bir təhlükəsizlik əməkdaşının həlak olduğunu açıqlayıb. Qətər hücumu “qorxaqlıq” və “beynəlxalq hüququn açıq pozuntusu” adlandırıb. Netanyahu isə əməliyyatı əsaslandıraraq bildirib ki, HƏMAS liderlərinin aradan qaldırılması girovların azadlığına və müharibənin bitməsinə yol açıb.


Məsələ beynəlxalq miqyasda da narazılıqla qarşılanıb. ABŞ dövlət katibi Marko Rubio İsrailə səfər edərək Netanyahuyla görüşüb. O, prezident Donald Trampın hücumdan narazı qaldığını, amma ABŞ-İsrail münasibətlərinin güclü olduğunu vurğulayıb. Rubionun sözlərinə görə, Tramp administrasiyası üçün əsas prioritet bütün girovların qaytarılması və Qəzza müharibəsinə son qoyulmasıdır.


Bu arada İsrail ordusu Qəzza şəhərinə hava hücumlarını gücləndirib. Sakinlərin sözlərinə görə, yaşayış binaları və müvəqqəti sığınacaqlar hədəfə alınıb, çox vaxt xəbərdarlıq yalnız bombardmandan bir neçə dəqiqə əvvəl edilib. İsrail Müdafiə Qüvvələrinin məlumatına əsasən, şəhərdən 250 mindən çox insan cənuba köçüb. BMT xəbərdarlıq edib ki, aclığın hökm sürdüyü ərazidə hərbi eskalasiya mülki əhalini daha dərin fəlakətə sürükləyib.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et