Bu gün:

Rusiya yaxınlaşdıqca ukraynalıların taleyi sual altına düşüb


Şərqi Ukraynanın Donetsk vilayətində vəziyyət getdikcə gərginləşir. Cəbhəyə yaxın Bilozerske şəhəri Rusiyanın yay hücumu nəticəsində demək olar ki, dağıdılıb. Müharibədən əvvəl burada 16 min nəfər yaşayırdısa, indi cəmi 700 nəfər qalıb.

BMT-yə görə, iyul ayında Ukraynada mülki itkilər son üç ilin ən yüksək həddinə çatıb – 1674 nəfər ölüb və ya yaralanıb. Əsas zərbə isə ön cəbhədəki yaşayış məntəqələrinə dəyib. Əvvəllər artilleriya atəşi təhlükəsi üstünlük təşkil edirdisə, indi mülki əhali rusların “FPV” tipli dronlarının hədəfinə çevrilib.


Bir çox sakinlər evlərini tərk etmək istəmir. Bəziləri əşyalarını qoymaq istəmir, bəziləri isə doğmalarının məzarını. 73 yaşlı Volodimir Romanyuk həyatını təhlükəyə ataraq dağıdılmış evdən mətbəx qablarını götürüb. Slovyanskda yaşayan Moroz ailəsi isə oğullarının məzarını tərk edə bilmədikləri üçün şəhərdə qalıb.


Amma təxliyə olunmayanlar böyük risk altındadır. Yaxın günlərdə Rusiya ordusu pensiya almağa toplaşan dinc sakinləri atəşə tutub, 24 nəfər həlak olub, 19 nəfər yaralanıb. Donetsk vilayət administrasiyasının rəhbəri Vadim Filaşkin hücumu “terrorizm” adlandıraraq insanlara müraciət edib: “Özünüzü qoruyun, təhlükəsiz bölgələrə köçün". 


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et