CHP-nin həbsdə olan prezidentliyə namizədi və vəzifəsindən uzaqlaşdırılmış İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində açılmış “diplom işi” üzrə ilk məhkəmə iclası bu gün başlayıb.
Silivridəki Marmara Qapalı Cəza İcra Müəssisəsində keçirilən proses bir saat gecikmə ilə start götürüb. İlk olaraq İmamoğlunun şəxsiyyətinin müəyyənləşdirilməsi və onun müdafiə çıxışı gözlənilir.
İclasda İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu, övladları, atası Həsən İmamoğlu və bacısı Neslihan Yakupçebioğlu da iştirak edir.
İstanbul Cumhuriyyət Baş Prokurorluğu, İmamoğlunu “zəncirvari şəkildə rəsmi sənəddə saxtakarlıq” ittihamı ilə 2 il 6 aydan 8 il 9 aya qədər həbs və siyasi fəaliyyət yasağı ilə cəzalandırmağı tələb edir.
İstanbul Universiteti mart ayında İmamoğlunun 1994-cü il tarixli İşlətmə Fakültəsi diplomunu ləğv edib və məlumat bazasından silib. Diplom qalmaqalı fonunda İmamoğlu əvvəlcə “terror” və “korrupsiya” istintaqları çərçivəsində saxlanılıb, daha sonra korrupsiya ittihamı ilə həbs olunub.
Buna baxmayaraq, CHP-nin keçirdiyi ön seçkidə yeganə namizəd olaraq partiyanın prezidentliyə namizədi elan edilib. Onun vəkillərinin diplomun ləğvinə qarşı açdığı məhkəmə iddiası isə rədd edilib.
Qanunvericiliyə görə, prezidentliyə namizəd olmaq üçün ali təhsil şərtdir. Buna görə də, “diplom işi” üzrə istintaqın nəticəsi böyük siyasi əhəmiyyət daşıyır.
Mənbə: BBC
Tərcümə: Ətirə İbayeva
