Bu gün:

Birləşmiş Ərəb Əmirliklərindən İsrailə qadağa


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətərdə Hamas nümayəndə heyətinə edilən hücumdan sonra İsrail şirkətlərinin Dubayda keçiriləcək müdafiə konfransına qatılmasını qadağan edib.

"Yediot Aharonot" qəzetinin məlumatına görə, BƏƏ bu səhər İsrail Müdafiə Nazirliyinə bildiriş göndərib.

Bildirişdə İsrail şirkətlərinin noyabr ayında Dubayda təşkil olunacaq müdafiə konfransına buraxılmayacağı qeyd olunub. Qərarın İsrailin müdafiə şirkətlərinə də çatdırıldığı bildirilib.

Tel-Əviv rəhbərliyinin isə İsrail şirkətlərinin Dubaydakı konfransa "təhlükəsizlik səbəbləri ilə" qatılmayacağını iddia etdiyi vurğulanıb.

Adının açıqlanmasını istəməyən yüksək vəzifəli israilli rəsmilər isə qəzetə açıqlamalarında BƏƏ-nin bu qərarının səbəbi kimi dünən Qətərin paytaxtı Dohada Hamas nümayəndə heyətinə qarşı həyata keçirilən hava hücumunu göstəriblər.

Xatırladaq ki, İsrail ordusu dünən Dohada Hamas nümayəndə heyətinin yerləşdiyi binaya hava zərbəsi endirib. Hücum nəticəsində Hamas Siyasi Bürosunun üzvü Xalil əl-Hayyənin oğlu, 4 Hamas üzvü və bir qətərli polis həlak olub. Hamas isə rəhbər heyətin sui-qəsddən sağ çıxdığını açıqlayıb.

Mənbə: Haber Global
Tərcümə etdi: Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et